YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan müstəqil dövlət kimi ən yüksək zirvələrə çatıb

“Bu gün Azərbaycan müstəqil dövlət kimi ən yüksək zirvələrə çatıb. Əgər tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamamışdır, Azərbaycan heç vaxt indiki kimi güclü olmamışdır. Bu uğurlar cəmi 24 il ərzində qazanılıb. Özü də müstəqilliyin ilk illəri acınacaqlı və fəlakətli illər idi. Dünyada 200-dən çox ölkə var. Onların hamısı müstəqildir. Ancaq bir çox hallarda bu müstəqillik ya yarımçıqdır, ya da şərti xarakter daşıyır. Biz isə sözün əsl mənasında müstəqil dövlətik, bununla fəxr edirik, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir.” Bu fikirləri iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində çıxışı zamanı söyləmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, dövlət, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsində də öz rolunu oynayır: “Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı forumlar, əlbəttə ki, ölkəmizi dünyaya nümunəvi ölkə kimi təqdim edir, eyni zamanda, Azərbaycanda dinlərarası münasibətlərin gələcəkdə də sağlam şəkildə inkişaf etməsinə şərait yaradır. Azərbaycanda İslam dini ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Bu tədbirlərdə həm bizim qonşu dövlətlərdən nümayəndələr iştirak edir, eyni zamanda, uzaq ölkələrdən qonaqlar gəlir. Yəni, budur bugünkü Azərbaycanın reallıqları. Dövlət bu istiqamətdə öz səylərini göstərir və göstərəcək.”