YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbədənkənar prezident seçkiləri dövlətin daha da gücləndirilməsinə xidmət edir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən növbədənkənar prezident seçkisinin keçirilməsi 2024-cü ilin 7 fevralına təyin olunub. Bir sıra təhlilçilər növbədənkənar prezident seçkilərini sürpriz seçkilər kimi dəyərləndirirlər. Amma unudurlar ki, 2018-ci ildə keçirilən prezident seçkiləri də növbədənkənar keçirilib və ötən 5 ildə baş vermis proseslər nəticəsində ölkə öz suverenliyini tam təmin edib. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsbitidir. Həmçinin, bu gün dünya yeni çağırışlarla üz-üzədir. Siyasi proseslərin çox sürətlə cərəyan etdiyi dövrdə yeni siyasi platforma ilə çıxış etmək zərurəti yaranıb. Bu mənada ölkə başçısının Sərəncamı əslində bütün siyasi qüvvələr üçün yeni üfüqlər açır. Təəssüf ki, bu vəziyyəti obyektiv qiymətləndirməyən siyasi partiya liderləri yenə də manipulyasiya ilə məşğuldurlar.                     

7 fevral seçkisinin keçirilməsi zəruri idi. Azərbaycan Zəfər qazandıqdan sonra keçiriləcək bu seçki Azərbaycan tarixinə Zəfər seçkisi kimi düşəcək. Çünki cənab Prezident bu günə kimi verdiyi bütün vədlərə əməl edib. Dünyada baş verən proseslər ölkəmizdə də yeni siyasi konfiqurasiyanın formalaşması ilə sonuclana bilər. “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” - deyən Prezidentimiz ölkəni və region yaxın gələcəkdə nə gözlədiyini hamıdan daha yaxşı bilir və analiz edir. Çox yox, 4 ay bundan əvvəl bir çox siyasi opponentlər Xankəndinin, Xocalının ermənilərdə qalacağını iddia edirdilər. Sentyabrın 19-da və 20-də bütün ölkədə suverenliyimizin bərpa edilməsi ilə bütün iddialar aradan qalxdıqdan sonra, bəziləri bu dəfə rus qoşunlarının ölkədən çıxarılmamasını müstəqilliyimizi şübhə altına aldığını bildirirlər. Amma unutmaq olmaz ki, siyasətçi ekspert qismində çıxış etməməli, dövlətin və xalqın mənafeyindən çıxış etməlidir. Əslində Prezident bu Sərəncamla özünə və xalqın dəstəyinə inandığını göstərdi.

Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Ötən illərdə bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. İnanırıq ki, Azərbaycan xalqı növbəti dəfə siyasi müdriklik göstərəcək, Heydər Əliyev siyasətinin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil dövlətimizin daha da gücləndirilməsinə və ölkənin hər bir vətəndaşının iradəsinin əks olunduğu siyasətin davam etməsinə səs verəcək.