YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi qardaşlığın nümayişi

“Üç il öncə - 2020-ci il dekabrın 10-da Bakıda, “Azadlıq” meydanında keçirilən Zəfər paradı öz haqq mübarizəsində qalib olan Azərbaycanın bütün dünyaya qələbəsinin və Türkiyə-Azərbaycan əbədi qardaşlığının nümayişi idi. Azərbaycan xalqı, ilk növbədə, tarixi ədalətin bərpa edilməsini bayram edərək mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə elan etdi. Azərbaycanın rəşadətli ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Zəfər paradı isə tarixi Qələbəmizin təntənəsi idi”. Bu fikirləri Milli Məcliisn deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Silahlı Qüvvələrimizin döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusunu nə qədər böyük zərərə uğratdığını göstərmiş oldu. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi, ən əsası isə İkinci Qarabağ müharibəsində iştirak edən hərbi hissələrin nümayəndələrinin, qazilərimizin, həmçinin Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlərin sıra addımı ilə Qələbəni qeyd etməsi hər birimizdə qürur və şərəf hissi yaratdı. Bu məqamda dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşər: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Nəhayət gözlənilən gün - o böyük gün gəldi, vədə əməl olundu və biz bütün dünyaya qalib Azərbaycan Ordusunun Zəfər paradını nümayiş etdirdik. Beləliklə, Zəfər paradı tariximizə qızıl hərflərlə yazılan möhtəşəm hadisədir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Vətən müharibəsi dövründə qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Bu, bizi qələbəyə daha da ruhlandırdı. Bu baxımdan, cənab Rəcəb Tayyib Ərdoğanın Qələbə paradında iştirakı və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə olması ayrıca qürurverici hadisə idi. Bu, bir daha xalqlarımıza, Türk dünyasına, beynəlxalq ictimaiyyətə, eləcə də düşmənə, onun havadarlarına xüsusi mesaj idi. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Paradda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikirləri xüsusilə qeyd edilməlidir: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi də coşqu ilə qarşılandı və bütün xalqımızı bir daha  qürurlandırdı.

Millət vəkili qeyd edib ki, qələbəni Azərbaycan xalqına hər il daha yaxın edən bir sıra mühüm amillər var. Uzun illər ərzində görülmüş məqsədyönlü işlərin nəticəsində Qələbənin təminatı üçün siyasi və hüquqi baza yaradıldı. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Eləcə də, beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin maraqlarına cavab verən  önəmli qərarlar və qətnamələr qəbul edildi. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparıldı və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Digər tərəfdən, əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu gücləndirə bilməzdir. Amma iqtisadi gücümüzün artması qüdrətli ordu quruculuğunu şərtləndirdi.

“Daha bir möhtəşəm parad isə bu il 8 Noyabr Zəfər Günündə Xankəndi şəhərində keçirildi. Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradından sonra Xankəndi şəhərində də hərbi paradın keçirilməsi növbəti tarixi hadisə oldu. Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin liderliyi Azərbaycan dövləti və xalqı bundan sonra yeni-yeni zəfərlər qazanacaq!”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv