YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişaf

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya dövlətlərində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Platformaya üzv olan Azərbaycan, platformanın əhatə etdiyi digər ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çox şaxəli fəaliyyət həyata keçirir. Bakıda məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə SPECA-nın 25-ci ildönümünə həsr olunmuş ilk Zirvə görüşü keçirildi. Macarıstan və Gürcüstan hökumət başçılarının Zirvə görüşündə iştirak etməsi platformanın fəaliyyətinin daha da genişləndirilməsindən xəbər verir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev SPECA-nın fəaliyyətində Azərbaycanın fəal iştirakı, Azərbaycan iqtisadiyyatının son illər dayanıqlı inkişafı, Azərbaycanda yaradılmış çoxşaxəli nəqliyyat-loqistika layihələri, regionda Ermənistanın həyata keçirdiyi qeyri-konstruktiv siyasəti barədə məlumat verdi. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətlərinin genişlənməsinə və möhkəmlənməsinə böyük töhfə verir. Ölkəmiz SPECA-nın Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq. 30 ildən artıqdır ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq edir, dövlətlər bütün beynəlxalq təşkilatlarda bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas prioritetlərindən birini Mərkəzi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi təşkil edir. Təsadüfi deyil ki, cari ildə ölkə başçımız 10 dəfə Mərkəzi Asiya dövlətlərinə səfər etmiş və bu ölkələrin dövlət başçıları mütəmadi olaraq Azərbaycana rəsmi və işgüzar səfərlər etmişdir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında daha bir istiqamət isə qarşılıqlı ticarət və sərmayə qoyuluşudır. 2022-ci ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi üç dəfədən çox, bu ilin 7 ayı ərzində daha 50 faiz artmışdır.

Azərbaycan həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar ki, mümkünsüzdür. Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Bu marşrut xətti iqtisadi cəhətdən çox səmərəli yoldur. Eyni zamanda Orta Dəhlizin xüsusi rolu da vurğulanmalıdır. Orta Dəhliz Çin-Qazaxstan sərhədindən başlayaraq Xəzər dənizindən, daha sonra Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən keçərək Avropaya qədər geniş bir ərazini əhatə edir. Azərbaycan öz ərazisində bu istiqamətdə böyük nəqliyyat-loqistika infrastrukturu yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının inşası çox əhəmiyyətli bir layihə kimi böyük imkanlara malikdir. Bakı-Tbilisi-Qars dəmir yolundan yükdaşımaların həcmi bir milyon tondan beş milyon tona, Bakı Dəniz Limanından isə yükdaşımaların həcmi 15 milyon tondan 25 milyon tona qədər artırılacaq. Azərbaycan Şimal-Cənub Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Bu gün Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərir.

SPECA-ya üzv dövlətlər tam müstəqil dövlətlərdir, bu dövlətlər iqtisadi və siyasi cəhətdən müstəqil siyasət həyata keçirir. Dünyada böyük dövlətlərin diktəsilə, onların iradəsinə tabe olan dövlətlər də mövcuddur. Ermənistan da bu cür dövlətlərdəndir.  Tarix boyu müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edib və bu niyyətini bu gün də davam etdirir. Fransa Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistana hər zaman dəstək verib. Bu gün Ermənistan bir sıra Qərb dövlətlərinin, xüsusən Fransanın marionetkasına çevrilmişdir. Ermənistan kağız üzərində müstəqil dövlət olmasına baxmayaraq, faktiki müstəqil olmayan, bir neçə ağası olan ölkədir.

SPECA-nın Bakıda keçirilən Zirvə görüşündə bütün dünya bir daha Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirən güclü bir ölkə olmasının şahidi oldu.