YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəbrayıl rayon təşkilatının təsis olunmasının 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Cəbrayıl rayon təşkilatının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsinə 4 saylı qəsəbə ərazisində salınmış Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində rayon təşkilatının fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası olan YAP regionun ən böyük siyasi təşkilatına çevrilib. Partiyanın keçdiyi 31 illik şərəfli yolun təhlili fonunda Əli Həsənov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

AMEA-nın müxbir üzvü Novruz Quliyev 1990-cı illərin əvvəllərindəki mürəkkəb tarixi-siyasi şəraitdən, Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, partiyanın keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu Öndərin dövlətimiz qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfələrini verib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin Baş məsləhətçisi Elmar Məmmədov çıxışında 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin ölkə ərazisində suveren hüquqlarımızın bərpa olunması ilə nəticələndiyini deyib: “Qazanılan bu qələbələrin memarı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.

Cəbrayıl rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, partiya veteranları Məhəmməd Musayev və Vahid Seyidalıyev, qazi Sərvan Mahmudov və digərləri YAP-ın sıralarının gündən-günə genişlənməsinin, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu vurğulayıblar.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri və rayonun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.