YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yürüşü şərəflə davam etdirildi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Torpaqlarımızın işğaldan azad edilməsi günlərinin qeyd olunması qürurverici hadisələrdəndir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. 25 oktyabr Qubadlı Şəhəri Günüdür.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 23 dekabr tarixində Qubadlıya səfəri zamanı Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında havanın da bu sevincdən günəşli olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu gün səhərdən yağış yağırdı, Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb.

Dövlət başçısı həmin çıxışında tarixi Zəfərimizdən keçirdiyi qürur hissini belə ifadə etmişdir: “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”

İşğal altında olan digər torpaqlarımız kimi, Qubadlı da tamamilə dağıdılıb. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

25 oktyabr 2020-ci il tarixində Qubadlının üstündən qara buludlar çəkildi. 44 gündə rəşadətli Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, işğal altında olan bütün torpaqlarımız azad edildi.

Dövlət başçısı İlham Əliyev 2021-ci ildə Qubadlıya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə tarixi Zəfərimizdən geniş bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Cari ilin 4 may tarixində Qubadlıya növbəti səfərində ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur. Tezliklə bu işlərin soydaşlarımızın Böyük Qayıdışı ilə əvəzlənəcəyinin şahidi olacağıq.