YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələr

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Oktyabrın 25-də Qubadlı rayonunun işğaldan azad edilməsinin 3 ili tamam oldu. 25 oktyabr dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq Qubadlı Şəhəri Günüdür. Tariximizin hər bir zəfər səhifəsi keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.

“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, ilk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini  hamımız yaşadıq. O vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək: “Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik, düşmən nə vaxt təslim olacaq. Halbuki, müharibə zamanı mən dəfələrlə öz çıxışlarımda, xalqa müraciətlərimdə və xarici jurnalistlərə müsahibələrdə deyirdim ki, əgər düşmən bizə bizim torpağımızdan çıxması ilə bağlı tarix versə, biz müharibəni dayandırmağa hazırıq və bu sözə də əməl etdik. Bildiyiniz kimi, noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı.”

Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazılan Zəfər səhifəsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanması qürurumuz, kimliyimiz, dünyaya ünvanlanan belə bir mesajımızdır ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Prezident İlham Əliyev bu çağırışı 2021-ci ildə Qubadlıya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də ifadə etmişdir: “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.”

Son üç ildə azad edilmiş torpaqlarımız bərpa-quruculuq dövrünü yaşayır. Qubadlı rayonu da bu bərpadan, yenidənqurmadan kənarda deyil. Dövlət başçısı İlham Əliyevin rayona gerçəkləşən 4 səfəri mühüm addımların atılması ilə yadda qalmışdır. Bütün işğaldan azad edilmiş ərazilərimiz Baş plan əsasında bərpa edilir. Ötən il cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya səfərləri zamanı Baş planla tanış olmuşdular. Baş planda hər bir rayonun malik olduğu resurslar nəzərə alınaraq bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutur. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.

Qubadlı rayonu füsunkar təbiətə malik olan rayondur. Faydalı qazıntılarla zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlar idi. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi.

Gələcəkdə bütün işğaldan azad edilmiş ərazilərimiz malik olduqları iqtisadi potensiala uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələr verəcəklər.