YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimiz gücümüzü və milli ruhumuzu göstərdi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

25 oktyabr Qubadlı Şəhəri Günüdür.  44 gündə 30 ilin işğalına son qoymaq, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etmək qürurvericidir. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün addım-addım irəli gedərək tariximizin şanlı Zəfər səhifəsini yazdı.  Artıq üç ildir ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri böyük qürur hissi ilə qeyd edirik. 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan ermənilərin bu ərazilərimizdə törətdikləri vəhşiliklərin miqyası ölçüyəgəlməzdir. Bütün ərazilər tamamilə dağıdılıb, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Üç ildir sahibinə qovuşmuş torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Tarixi Zəfərimizdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər etməklə bərpa-quruculuq işlərinin anonsunu verdi. Müharibədən dərhal sonra  bərpa işlərinə başlamaq qeyri-mümkün olsa da  Azərbaycan dünya hərb tarixində ilkə imza atdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Dövlət başçısının böyük əminliklə qeyd etdiyi kimi, bundan   sonra 25 oktyabr  tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək.

Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Bu gün qürurla qeyd edirik ki, tarixi sahibinə qovuşan torpaqlarımızda 30 ilə yaxın dövrün dağıntı mərhələsini bərpa-quruculuq işləri əvəzləyib. Azərbaycan xalqı bu işlərin fonunda həm  torpaq həsrətinə son qoyulduğu üçün keçirdikləri sevinc hissini, həm də necə qurucu, yaradıcı, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu, yenilməzliyini, məğrurluğunu nümayiş etdirir. Digər ərazilərimiz kimi, Qubadlı rayonunda da bərpa işləri geniş miqyas alıb. Cənab İlham Əliyevin son üç ildə Qubadlı rayonuna 4 səfəri olub. Bu səfərlər çərçivəsində bir sıra  sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu hədəfi də açıqlamışdır ki, qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.

Hər bir hədəf bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunu dünyaya çatdırır. “25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq” söyləyən cənab İlham Əliyev bildirir ki, müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi gücümüzü və milli ruhumuzu göstərdi: “Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik.”