YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tarixində əbədi yaşayacaq gün

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Üç il bundan öncə bu tarixlərdə Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevdən zəfər müjdələrini eşidir və bu günü gözləyirdi ki, addım-addım irəliləyən, şəhər və kəndlərimizi, qəsəbələrimizi mənfur düşməndən təmizləyən rəşadətli Ordumuz 30 ilin işğalına son qoyaraq ərazi bütövlüyümüzü təmin edəcək. Elə də oldu. 44 gün davam edən İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı.

27 sentyabrdan 10 noyabradək davam edən Vətən müharibəsinin 25 oktyabr tarixində Azərbaycan Ordusu Qubadlı rayonunu işğaldan azad etdi. Həmin tarixdən ötən üç il rayonun həyatında bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu tarix özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən atəş açılırdı: “Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib.”

İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib buranı da düşməndən təmizlədilər.  Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi böyük strateji üstünlük təmin etdi.  

Torpaqlarımızın xilaskarı, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı yaxınlaşdırır, soydaşlarımızı daha da qürurlandırır. 30 il torpaq həsrətini yaşayan sakinlər bərpa-quruculuq işlərinin bu ərazilərə qayıdışla tamamlanmasından böyük sevinc hissini keçirirlər. Bu qürur, sevinc dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci ildə Qubadlıya səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də ifadə edilmişdir. “Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm” söyləyən cənab İlham Əliyev onu da bildirmişdir ki, bu tarixi günü birlikdə qeyd etmək üçün sizi dəvət etmişəm.  Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi gücümüzü və milli ruhumuzu göstərdi. Göstərdi ki, heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik.

İşğaldan azad edilmiş torpaqlarımız özünəməxsus iqtisadi potensiala malikdir. Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də hər bir rayonun malik olduğu potensialdan səmərəli istifadə edərək hədəflərə yüksək səviyyədə nail olmaq öz əksini tapıb. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşıdakı dövrdə daha möhtəşəm uğurlara imza atması üçün geniş imkanlar yaranır.