YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Qürurverici haldır ki, paytaxt Bakı ilə yanaşı, regionlarımız da beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, tədbirlərə qatılan iştirakçılar həm gündəmə gətirilən məsələlər ətrafında geniş fikir mübadiləsi aparır, həm də işğaldan azad edilmiş ərazilərimizin 30 illik işğal dövründə yaşadıqları dağıntıları gözləri ilə görürlər.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Zəngilanda baş tutan 2-ci Milli Şəhərsalma Forumunda bir daha 30 illik işğal və hazırkı postmünaqişə  dövrünün reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Bizə qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib, bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar. Təsəvvür edirsinizmi, 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, baxın, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi  keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi. Bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Bu sənədlər kağız üzərində qalmışdı. Ermənistan  status-kvonu əbədi saxlamaq istəyirdi. İşğalçı dövlət beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu.  Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi.

Dünyanın ikili standartlara əsaslanan siyasəti artıq tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması prosesinin 30 ilə qədər uzanmasına səbəb oldu. Dünyanın əksər gücləri işğalçını adı ilə çağırmağın problemin həllinə böyük maneə olacağını bildirməklə ikili yanaşmalarından diqqəti yayındırmağa çalışdılar.

Dövlət başçısı İlham Əliyev həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm platforma olan Şəhərsalma Forumunda diqqəti real faktlara yönəltdi. Bir daha vurğulandı ki, Azərbaycan hər zaman bütün məsələlərin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə çalışır və atdığı addımlarda bu prinsiplər öndə dayanır. “İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi” bildirməklə dünyanın yaşadığı hüquq probleminə diqqəti yönəldən Prezident İlham Əliyev bir daha vurğuladı ki,  28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq.  44 günlük müharibə qaçılmaz idi. Səbəblərdən biri  Ermənistanın bu məsələni dondurmaq istəyi idi. Belə hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planını açıqladı. Törədilən hərbi təxribat dövlətimizin, xalqımızın səbir kasasını doldurdu.

Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır və dirçəlmə mərhələsini uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyev Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəd 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli Ordumuzun qəhrəmanlığının, şücaətinin gələcək nəsillərə çatdırılmasında, torpaqlarımızın işğaldan azad edildiyi tarixlərin hər zaman yaddaşımızda qalmasında əhəmiyyətli rol oynayacaq. Artıq üç  ildir ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi qeyd edirik.  Xalqımız hər zaman bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır.

4 oktyabr 2020-ci il tarixdə  Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini vermişdir: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 4 oktyabr sözügedən sənədə əsasən Cəbrayıl Şəhəri Günüdür.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad edildi. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərindən  6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular.  Prezident İlham Əliyev  Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir.  Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan bir daha mənfur düşmənə və ona 30 ilə yaxın müddətdə dəstək olan bəzi dünya güclərinə çatdırdı ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.

DİGƏR Xəbərlər Arxiv