YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib

“Bu gün Azərbaycan-Türkiyə arasındakı yüksək səviyyəli əlaqələr dünya üçün örnək hesab edilir. Çünki bu iki qardaş dövlət səviyyəsində digər ölkələr arasındakı münasibətlərə rast gəlmək mümkün deyil. Qardaşlıq və müttəfiqlik əlaqələri Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” strategiyası əsasında günü-gündən inkişaf edir və daha da möhkəm tellərlə bağlanır. Bu mənada Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycana nümayiş etdirdiyi mənəvi-siyasi dəstəyin mühüm önəmi var idi. Azərbaycanın hərbi-siyasi müstəvidə heç də tək olmadığını, hər zaman Türkiyəyə arxalana, güvənə biləcəyi mesajının açıq ifadəsi hesab olunurdu.” Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün sahələrdə özünü göstərir və iki dövlətin bir ideologiya əsasında hərəkət etdiyini nümayiş etdirir: “II Qarabağ Müharibəsində olduğu kimi ondan sonrakı dövrlərdə də qardaş Türkiyə Azərbaycanın siyasi-diplomatik müstəvidə atdığı bütün addımlara dəstək verib. Azərbaycanın Qarabağda separatçı-xunta rejiminə və qanunsuz erməni silahlılarına qarşı həyata keçirdiyi antiterror tədbirlərinə də ilk andan qardaş Türkiyədən dəstək ifadə olunub. Həmin ərəfədə BMT-nin 78-ci sessiyasında iştirak edən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən bir daha birlik mesajı verdi. Bu Azərbaycan-Türkiyə birliyi ilə bağlı ən mötəbər tribunadan edilən çağırış idi. Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edən cənab R.T.Ərdoğan bölgədə sülh üçün yaranmış şəraitdən danışdı. Prezident İlham Əliyev də hər zaman qardaş Türkiyəyə olan münasibətini ən yüksək səviyyədə bildirib. Türkiyənmin qatılmadığı tədbirdə Prezident İlham Əliyev qardaş ölkənin maraqlarını ən yüksək səviyyədə qoruyub, tərənnüm edib. Ölkəmizin başçısının “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” mesajı iki qardaş ölkə arasındakı münasibətlərin xarakterini göstərir”.

Millət vəkili sentyabrın 25-də qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərinin tarixi əhəmiyyətinə toxunub: “Naxçıvan Beynəlxalq Hava Limanında qardaş Türkiyə dövlətinin başçısını Prezident İlham Əliyevin qarşılaması, iki qardaş Lider arasındakı səmimi dialoq böyük maraqla izlənildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvana səfəri mühüm önəm kəsb edirdi. Səfərin proqramı iki qardaş ölkə arasında əməkdaşlığın, əlaqələrin və bölgədə yeni yaranmış reallığın mahiyyətindən xəbər verirdi. Sözsüz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və  Prezident İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması qardaş ölkələr arasında mövcud olan sıx əlaqələrin və strateji tərəfdaşlığın növbəti təzahürü idi. İki il öncə işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Bu kontekstdə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması iki ölkə arasında strateji müttəqifliyin daha da dərinləşməsi istiqamətində atılmış mühüm addımdır. Qaz kəmərinin çəkilişi Naxçıvanın qaza olan tələbatının ödənilməsi baxımından mühüm önəm kəsb edir. Həmçinin səfər çərçivəsində Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da mühüm tarixi hadisə hesab olunur. Bu layihə Orta Dəhlizin bir qolu kimi Azərbaycan, Türkiyə və digər ölkələrlə əlaqələrin yaranmasına xidmət edəcək. Çünki hazırkı dönəmdə Orta Dəhlizin əhəmiyyəti olduqca daha qabarıq görünür”.

Deputat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfəri  çərçivəsində Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışının vacibliyindən danışıb: “Sözsüz ki, qardaş ölkə Prezidentinin bu səfəri Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra baş tutdu. Bu tarixi hadisə Naxçıvanın strateji əhəmiyyətini ortaya qoymaqla yanaşı, xarici auditoriyaya, Ermənistana və onun havadarlarına çox ciddi mesajlar verdi. Türkiyə Prezidentinin Naxçıvana səfəri Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın öhdəliyinin xatırladılması ilə də xarakterik idi. Bütün bu amilləri nəzərə alsaq Azərbaycan-Türkiyə qardaşlığının bölgədə sülhə, təhlükəsizliyə əməkdaşlığa, canlanmaya xidmət etdiyi danılmazdır”