YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qayıdış konsepsiyası beynəlxalq hüququn norma və prinsiplərinə söykənir

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün yeni imkanlar açmışdır. Ən vacib məsələlərdən biri isə məcburi köçkünlərin azad Qarabağa yerləşdirilməsi ilə yanaşı, !987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş  soydaşlarımızın doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu məsələ dövlətimizin prioritetləri sırasındadır.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi dönəmində Qərbi Azərbaycana qayıdış konsepsiyasının ərsəyə gəlməsi həm də xüsusi rəmzi məna kəsb edir. Çünki müstəqillik tariximizin yaradıcısı Ulu Öndər dövlət siyasətində tarixi yaddaşı önə çəkərək, hələ 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb, hadisələrə deportasiya və soyqırımı cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb və  özü şəxsən ona rəhbərlik edib. Prezident Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü  elan edilib.  

Sonrakı mərhələlərdə Prezident İlham Əliyev bu bu tarixi missiyanı yeni reallıqlara uyğun şəkildə uğurla inkişaf etdirib.  Dövlət başçısının 12 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyi əks olunmuşdur. Cənab İlham Əliyev İrəvanın və digər ərazilərimizin ermənilərə verilməsi ilə heç zaman barışmayıb, bu məsələni həmişə diqqətdə saxlayıb.  Təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsi qələbəsindən sonrakı tarix həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasının işlənib-hazırlanması ilə səciyyələnir. Bu konsepsiyanın ən mükəmməl formatını da məhz ölkə Prezidenti təklif etmişdir. Cənab İlham Əliyevin  ötən il dekabrın 24-də Qərbi Azərbaycan icması ilə görüşündən sonra bu istiqamətdə ictimai fikirdə köklü dəyişikliklər baş verməkdədir. Qısa zaman kəsiyində bu sahədə görülən işlər onu göstərir ki,  dövlət başçısının verdiyi tapşırıq və tövsiyyələr uğurla həyata keçirilməkdədir. Ötən il “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi kimi yaradılmış “Qərbi Azərbaycan İcması” qayıdış konsepsiyasının reallaşdırılması istiqamətində geniş və səmərəli fəaliyyət nümayiş etdirməkdədir. Qısa müddət ərzində müxtəlif platformalarda, o cümlədən beynəlxalq səviyyədə qaçqınların hüquqlarının tanınması, xüsusilə onların doğma yurdlarına qayıtması üçün hüquqi əsasların formalaşdırılması istiqamətində çevik addımlar atılmışdır.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə açılmış cinayət işi   üzrə istintaq hərəkətləri icra edilməkdədir. Müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə əlaqədar müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindiriliblər. Bütün bu proseslər Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən ciddi nəzarət altında və səmərəli şəkildə koordinasiya olunur.

Ölkə Parlamenti də qayıdış konsepsiyasından irəli gələn məsələləri  özünün əsas fəaliyyət istiqamətlərindən birinə çevirmişdir. Milli Məclis rəhbərliyinin təşəbbüsü əsasında  Qərbi Azərbaycana qayıdışın müxtəlif aspektləri mövzusunda artıq bir neçə dinləmə təşkil olunub. Bu il mart ayında Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış”, iyun ayında Mədəniyyət komitəsinin xətti ilə “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi”, bu yaxınlarda isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə  “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmələr təşkil olunmuşdur. Bu tədbirlərdə millət vəkillərinin, müvafiq dövlət orqanlarının əməkdaşlarının, respublikanın tanınmış hüquqşünaslarının, alim və tədqiqatçıların, Qeyri-Hökumət Təşkilatlarının və media nümayəndələrinin geniş şəkildə təmsil olunması məsələyə ictimai marağın çox yüksək olduğundan xəbər verir.

Qərbi Azərbaycana qayıdış mövzusu ətrafında danışarkən xüsusilə qeyd etmək vacibdir ki, yaşadığımız bu tarixi günlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri cəmi 24 saat ərzində lokal xarakterli antiterror tədbirləri həyata keçirərək Qarabağ iqtisadi zonasında Azərbaycanın suverenliyini və konstitusiya quruluşunu tam təmin etmiş oldu. Artıq Azərbaycan qanunları bu ərazidə tam gücü ilə işləməyə başlamışdır. Dövlətimiz  orada yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı öz planlarını təqdim etmişdir. Məhz belə bir tarixi şəraitdə Qərbi azərbaycanlıların da  tarixi vətənimizə qayıdışı və reinteqrasiyası xüsusi aktuallıq kəsb edir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsinə söykənən hədəflərə nail olmaq baxımından  bu taleyüklü məsələ ətrafında müxtəlif səviyyələrdə və formatlarda aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. Belə ki, ictimai fikirdə və yaddaşlarda azərbaycanlıların 200 ildən artıq bir dövr ərzində ermənilərin etnik təmizləmə və soyqırımları nəticəsində ağır fəlakətlər yaşadıqları,   həmvətənlərimizin bir neçə dəfə kütləvi deportasiyaya məruz qaldıqları ilə bağlı məlumatlar yenilənir və aşılanır.  Digər tərəfdən, məsələnin hüquqi aspektləri ilə bağlı verilən təkliflərin araşdırılması və təhlili çox önəmlidir və biz bununla bu işə öz töhfəmizi verə bilərik.

 Ermənistanın azərbaycanlılara qarşı bütün hüdudları aşan cinayətləri barədə saysız-hesabsız faktlar,  sənədlər, sübutlar mövcuddur. Onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var. Bir çox tarixçi və tədqiqatçılar ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətininin  əsasən üç mərhələsini qeyd edirlər. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905-1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın azərbaycanlı kəndli xəritədən tamamilə silinmişdir. Daha sonra sovetlər dönəmində -  1948-53-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində  İ.Stalinin göstərişi ilə 150 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycana köçürülmüşdür. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Tarixi ədalət naminə etiraf etmək lazımdır ki, ötən əsrin ortalarında azərbaycanlıların köçürülməsinə qarşı respublikanın o dövrkü siyasi rəhbərliyi  bütün mümkün vasitələrlə mane olmağa çalışırdı. Sonuncu deportasiya isə milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb. Nəticədə bu torpaqlardan bütün azərbaycanlı əhalinin  qovulması ilə ermənilər   etnik təmizləməni sona çatdırmışlar. Lakin təəssüflər olsun ki, kifayət qədər imkanların mövcudluğuna baxmayaraq, son deportasiyanın mahiyyəti  həmin illər ərzindəki Azərbaycan iqtidarı və hakimiyyətə iddialı olanlar tərəfindən nəinki dünya miqyasında, hətta postsovet məkanında  ictimaiyyətə lazımınca çatdırılmamışdır. Əksinə, onlar o zaman bu faciəni siyasi manipulyasiya elementinə çevirmişdilər.

Qərbi Azərbaycana qayıdış konsepsiyasının tarixi, siyasi, ideoloji, geopolitik və hüquqi aspektləri ilə bağlı müxtəlif səpkili bir sıra vacib məqamlar mövcuddur. Konsepsiyanın keyfiyyətli şəkildə reallaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Düşünürəm ki, ilk növbədə məsələnin hüquqi tərəfi qabardılmalıdır, çünki bütün digər komponentlər məhz onun üzərindən həyata keçirilə bilər. Qərbi Azərbaycana dönüşlə bağlı beynəlxalq hüququn nörma və prinsiplərinə əsaslanan qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ayrıca hüquqi kateqoriya olaraq qaçqınların statusu, deportasiya və etnik təmizləmə ilə bağlı müddəalara əlavə və dəyişikliklər edilməsi, hətta ehtiyac yaranarsa, yeni qanunların qəbul edilməsi və s. kimi hüquqi addımlar bu istiqamətdə görüləcək işlərin tərkib hissəsidir. Bunun üçün isə beynəlxalq səviyyədə tanınmış mütəxəssislərin, ekspert və hüquqşünasların bu işə cəlb olunmasında fayda vardır. Digər vacib məqam bütün digər platformalarda, xüsusilə beynəlxalq miqyasda – beynəlxalq məhkəmələrdə, arbitrajlarda həm milli, həm beynəlxalq hüquqi aspektlərin araşdırılması vasitəsilə bu məqsədə xidmət edən mümkün resurslardan maksimum yararlanmaqdır. Məhz bu yolla biz beynəlxalq hüquq kontekstində deportasiyanın səbəb, məqsəd və nəticələrinin    köklü və obyektiv şəkildə araşdırılaraq  ona hüquqi qiymət verilməsi işinə əhəmiyyətli töhfə verə bilərik.

Danılmaz faktdır ki, 35 il əvvəl Qərbi Azərbaycandan didərgin düşmüş insanlar Ermənistan vətəndaşı olublar  və onların Ermənistan vətəndaşlığından çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların böyük əksəriyyəti hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər. Bu isə öz növbəsində Ermənistan dövlətinin üzərinə bu şəxlərin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək və üstəlik, vurulmuş maddi və mənəvi ziyana görə onlara təzminat ödəmək kimi öhdəlik qoyur.

Vaxtılə deportasiya edilmiş xalqların sonradan öz hüquqlarının bərpa etməsi kimi dünya tarixində oxşar tarixi hadisələr olmuşdur və məsələn, onların bir nümunəsi hamımızın yaxından tanış olduğumuz mesxeti türklərinin öz doğma vətənlərinə qayıdış faktıdır. Ötən əsrin sonlarında milli zəmində Balkanlardakı qarşıdurma nəticəsində Xorvatiyadan qaçqın düşən minlərlə serb əsilli vətəndaşın müharibədən sonra öz doğma yurdlarına dönməsi də ibrətamizdir. Yəni, qayıdış konsepsiyasının həyata keçirilməsi üçün hüquqi yollar və sınaqdan keçirilmiş təcrübə artıq mövcuddur. Şübhə yoxdur ki, bununla bağlı praqmatik düşüncələrə söykənən təkliflər Qayıdış Konsepsiyasının hüquqi aspektlərinin araşdırılması və real hədəflərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli vasitə olacaqdır. Bu istiqamətdə nümayiş etdirilən fəaliyyətin ruhu da məhz belə bir inama köklənir ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyədək əldə etdiyimiz uğurların sırasına daha bir nailiyyət – soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışı da əlavə olunacaqdır.