YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli birliyin rəmzi

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda böyük qürur hissi ilə bildirir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri malik olduğu imkanların, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini gözləyən Vətən oğullarının torpaq, Vətən sevgisinin dünyaya təqdimatı oldu. Azərbaycanın müharibə təcrübəsinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilməsi, dərsliklərə salınması həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Belə ki, bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – “Öldü var, döndü yoxdur.” Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün potensialı səfərbər olunmuş və ölkədə milli həmrəylik mühiti təmin olunmuşdur. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycanın tarixinə Zəfər səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Dövlət başçısı İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi, Azərbaycana qarşı informasiya blokadasını yardı, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr verdi. Həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir.”

Azərbaycan 30 ilə yaxın işğal dövründə sülh danışıqlarını davam etdirməklə yanaşı, bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində davamlı inkişafa nail olmaq üçün mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Bu uğurların zirvəsi kimi dəyərləndirilən şanlı Zəfərimiz Azərbaycanın dünəninə baxış, bu günü və gələcəyi üçün möhkəm təməldir. Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 30 ilin işğalına son qoyan, Azərbaycanı dünyada qalib ölkə kimi tanıdan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Bu gün azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar.