YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbə salnaməsinin ilk günü

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

30 ildə Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açdı, onların rahat yaşamasına imkan vermədi. Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı bəyanatlar verdilər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Azərbaycan dünya hərb tarixində çox az rast gəlinən bu mühüm məqamda - müharibədən sonra dərhal bərpa-quruculuq işlərinin aparılmasında da öz təcrübəsini nümayiş etdirir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanatın imzalanmasından dərhal  sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz 16 noyabrda Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Ölkə Prezidenti bərpa-quruculuq işləri çərçivəsində ilk olaraq infrastrukturun yenilənməsini, yolların çəkilişini  qarşıya mühüm vəzifə kimi qoydu. Həmin səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi  Füzuli-Şuşa yolunun  tikintisi ilə bağlı göstəriş verildi. Zəfər yolu qısa zamanda istifadəyə verildi. Bu yolun böyük rəmzi mənası vardır. Zəfər yolu Vətən oğullarını   Şuşanı işğaldan azad etməyə apardı.

    Quruculuq işlərini sürətlə həyata keçirmək üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtlərdəndir. Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. 2020-ci il noyabrın 10-dan başlayaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.

Dövlət başçısı hər zaman çıxışlarında bərpa işlərinin  hansı zamana başa çatacağı ilə bağlı fikirlərini açıqlayarkən zamanın yeganə rəqib olduğunu bildirir. Ərazilərimizin  minalardan təmizlənməsi böyük vaxt itkisidir.

Tarixi Zəfərimizdən ötən üç ildə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açmaqla tarixi Zəfərimizin beynəlxalq miqyasda qəbuluna öz töhfəsini verir.  Prezident İlham Əliyevin Fərmanına  əsasən iqtisadi rayonların yeni bölgüsünün aparılması, onların sayının 14-ə çatdırılması da işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadəni təmin etmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə tarixi Zəfərimizə gedən yolun başlanğıcı  olan 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.