YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Hadisələrə ən böyük dəyəri zaman özü verir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən bizləri 3 illik zaman ayırır. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın şanlı Qələbəsini  şərtləndirən amillər məlumdur. Tarixi Zəfərimizin əsasında siyasi, iqtisadi, hərbi, xarici siyasət sahəsində uğurlar,  torpaq, Vətən sevgisi dayanır. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanındı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. 1993-cü ildə qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxmaları öz əksini tapsa da dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində bu qətnamələr 30 il icrasını gözlədi.

Münaqişəsinin nizamlanması üçün 1992-ci ildə  təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir.

2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bir il sonra  döyüş meydanında təsdiqlədi. Bu bəyanat 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.

Qeyd etdiyimiz kimi, 30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq istəmirik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi  qaçılmazdır. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Müzəffər Ali Baş Komandan “Hücum!” əmrini verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  yeni tarix yazdı. Yazılan tarix sübut etdi ki, başqasının torpaqlarında gözü olmaq beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, gec-tez ədalət zəfər çalır. Saxta tarix yazan ermənilərin yaratdıqları “mif”lər də özünətəsəllidən başqa bir şey deyildi. Azərbaycan Silahlı Qüvvələri bu mifləri dağıtdı, Ermənistan ordusunun nə qədər zəif oluğunu sübut etdi. Hansı ki, ermənilərin və erməni diasporunun apardığı təbliğata uyğun olaraq orduları  dünyanın “ən güclü orduları” sırasındadır.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da  müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.