YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni siyasi konfiqurasiyada yeni açılımlar

Asif Əsgərli

YAP İdarə Heyətinin üzvü

Azərbaycanda “Siyasi partiyalar haqqında” müasir, çağdaş dövrümüzün milli, regional və beynəlxalq dəyişikliklərinə cavab verən, yeni siyasi system və konfiqurasiya ilə ayaqlaşan qanuna ictimai və siyasi zərurət var idi. Azərbaycanda ilk dəfə 1992-ci ilin iyun ayında “Siyasi partiyalar haqqında” qanun qəbul olunmuşdu. Zaman-zaman bu qanun layihəsinə 60-dan çox düzəlişlər edilsədə, sözün əsl mənasında çevik siyasi sistemin formalaşdırılması, yeni siyasi açılımlara “hüquqi işıq yandıran”, cəmiyyətdə və dünyada baş verən siyasi dəyişikliklərə uyğun tam yeni qanunun qəbulu ciddi siyasi sifariş idi.

2019-cu ildən ölkədə siyasi sistemdə yeni açılım, yeni siyasi yol xəritəsinın hazırlanması başlandı. Belə ki, həmin il ilk dəfə ali icra səviyyəsində - Prezident Administrasiyasında “siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsi yaradıldı. Bundan sonra Prezident İlham Əliyevin müəyyən etdiyi və müəllifi olduğu yeni siyasi konfiqurasiya xəttinə uyğun siyasi partiyalara iş sahəsinə çox önəmli addımlara başlanıldı.

Eyni zamanda, ölkədə siyasi dialoq, milli həmrəylik istiqamətinə uyğun addımlar atılmağa başlandı. Qısa zamanda siyasi partiyaların qeydiyyatı məsələsi öz həllini tapdı. Bir neçə partiyanın dövlət qeydiyyatı alındə, onlarla partiyanın qurultayları keçirildi, 20-dən artıq siyasi partiyanın mənzil qərargahla təmin olundu. Vətən müharibəsi başlayanda, demək olar ki, bütün siyasi partiyalar Azərbaycan dövlətinin, prezidentinin yanında olduğunu bildirən bəyanat verdi. Bu da ölkədə siyasi həmrəyliyin, milli birliyin bariz nümunəsidir.

Ölkədə yeni siyasi kofiqurasiyanın müəyyən olunduğu bir vaxtda “Siyasi partiyalar haqqında” yeni qanunun olması zərurəti ilə 20-ə yaxın ölkənin təcrübəsi və Venesiya Komissiyaının Azəbaycana göndərdiyi tövsiyələr əsasında təkmil bir formada layihə hazırlandı. Ən maraqlısı odur ki, qanun layihəsi hələ heç Milli Məclisdə müzakiryə çıxmamışdan öncə parlamentin sədri Sahibə Qafarovanın imzası ilə bütün partiyalara müraciət olundu ki, öz təkliflərini versinlər. 39 siyasi partiya bu yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Yeni qanun layihəsi ilə bağlı millət vəkilləri, siyasi partiya təmsilçiləri və hətta QHT rəhbərlərinin iştirakı ilə geniş və silsilə ictimai dinləmələr keçirildi.

Yeni qanunun çoxsaylı müsbət, təqdir olunası və aktuallıq kəsb edən cəhətləri var. İlk dəfə olaraq Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunda siyasi terminlər açıq və geniş izahlı təqdim olunub. Ümumiyyətlə, qanun birinci fəslində siyasi fəaliyyətə aid bütün terminlərin açıqlaması verilib. Və ya orada partiyalara dövlət yardımı məsələsi konkret olaraq göstərilib. Düzdü, bu məsələ əvvəlki qanun layihəsində də var idi. Amma bir yeni məsələ də bura daxil olub. Belə ki, Milli Məclisə seçkilərdə müəyyən həddi keçən və yaxud mandat qazanan partiyalara dövlət tərəfindən maliyyə yardımı ayrılırdı. Amma yeni qanunda təklif də olub ki, məsələn, Milli Məclisə əlavə təkrar seçkilər keçirlir. Ola bilər Milli Məclisdə təmsil olunan partiya yox, digər yeni partiya daxil olub. Yeni qanunda bu məsələ də var ki, əlavə və təkrar seçkilərə yeni siyasi partiyalar düşə bilərsə, və yaxud siyasi partiyalarda dəyişlik olarsa, o partiyalara da dövlət tərəfindən maliyyə yardımının göstərilməsi nəzərdə tutulub. Eyni zamanda orada konkret olaraq maliyyənin, uçotun şəffaf aparılması məsələsi, ümumiyyətlə, partiyaya köçürülən vəsaitlərin yalnız nagdsız, bank yolu ilə olması nəzərdə tutulub. Hətta ianə və üzvlük haqqının da bank köçürlüməsi yolu ilə olması qeyd olunub. Yeri gəlmişkən, YAP üzvülük haqlarını artıq xeyli vaxtdır nağdsız, şəffaf şəkildə bank köçürməsi yolu ilə həyata keçirir. Bu da Azərbaycansiyasi partiya həyatında bir ilkdir.  

Azərbaycanda və regionda və həmdə ölkəmizin iştirakı və söz sahibliyi ilə  geosiyasi proseslərdə çox ciddi dəyişikliklər olub. Azərbaycan dövlətinin yeni çağırışlara uyğun inkişaf prioritetləri müəyyən olunub. Buna uyğun bütün sahələrdə, o cümlədən, siyasi proseslərdə də inkişafa nail olunub. Bu proseslərin əsas avanqardı isə monolit siyasi sistem və onun siyasi partiyalardır.

Bu gün bu prosesi YAP siyasi proseslərin əsas flaqmanı olaraq aparır. Bildiyiniz kimi YAP-da bir sıra struktur dəyişikləri baş verdi və yeni proqram qəbul olundu. Biz bu kimi inkişaf və dəyişikliyi digər siyasi partiyalarda da görmək istəyirik. Siyasi partiyaların həm cəmiyyətdə, həm də siyasi proseslərdə rolunun artırılması, onların iştirakına geniş imkanlar verilməsi üçün “Siyasi partiyalar haqqında” yeni qanunun olması zərurəti tam da vaxtında atılan addım idi. Əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiyaların həm funksionallığının artılması, həmdə siyasi proseslərdə çevik iştirak etməsi üçün geniş siyasi arena imkanları yaradılıb.

Yeni qanun demokratikliyi ilə yanaşı siyasi partiyalar arasında əməkdaşlıq və tərəfdaşlıqla bağlı da çox məsələləri özündə ehtiva edir. Buda siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət təsirini də göstərəcək. Dövlətin idarəolunmasında və hakimiyyətin formalaşmasında partiyaların mühüm rolu var. Yeni qanun ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, ədalət və bərabərlik şəraitinə tam uyğunlaşdırılaraq xalqın siyasi iradəsini ifadə edir. “Siyasi partiyalar haqqında” yeni qanun sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində də mühüm əhəmiyyətə malikdir. 

Artıq “Siyasi partiyalar haqqında” qanunun tam icrası və tətbiqi prossesini görürük. Beləki, qanunun tələb etdiyi ilk və önəmli məsələlərdən olan partiya üzvlərinin tam yeni qaydada tərtibi və reyestrinin aparılması və bununla da siyasi təşkilatların yenidən təkrar qeydiyyatının aparılması prossesi oldu ki, bundan bir çox partiyalar uğurla, bəziləri isə mübarizəni dayandırmaqla başa vurdular. Təbii, hər bir siyasi partiya öz gücünü, sosial bazasını ciddi şəkildə qurmalıdır ki, siyasi proseslərdə də iştirak etmək qabiliyyətinə malik olsunlar. Bu baxımdan partiyaların minimum həddə və ondan yuxarı sayda üzvlərinin dəqiqləşdirilmiş reyestrini aparması və bunu aidiyyətli icra strukturuna təqdim etməsi çox vacib addımdır.     

Hazırda Azərbaycanda siyasi partiyaların üzvlərinnin reyestri və təkrar qeydiyyata alınması prosesi başa çatmaq üzrədir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Partiyaların əksəriyyətinə Ədliyyə Nazirliyindən müsbət cavab verilib. Qeydə alınan siyasi partiyaların sayı hazırda 25-dir. Biz bununla siyasi sistemimizdə həyata keçirilən siyasi islahatların faktiki olaraq yeni mərhələsinə qədəm qoymuşuq. Bu, eyni zamanda Azərbaycanda siyasi münasibətlərin, siyasi sistemin keyfiyyətcə yeni mərhələsidir. Bütün bunlar yeni siyasi konfiqurasiyada, cənab prezidentin yeni siyasi yol xəritəsində müsbət dəyişikliklərin göstəricisdir.

Ölkədə YAP kimi güclü iqtidar partiyası ilə yanaşı, sağlam, siyasi proseslərdə aktiv iştirak edən, cəmiyyətdə söz və fəaliyyəti ilə seçilən digər partiyaların mövcudluğu ehtiyacı hiss olunur. Hazırda mövud olan 30-a yaxın siyası partiyalar arasında da bu sağlam rəqabəti aparacaq, yeni qanunun və cəmiyyətin tələb və ehtiyaclarına uyğun siyasi mübarizə aparan partiyalar artıq formalaşmaqdadır. Güclü partiyalar siyasi sistemin və bütünlükdə cəmiyyətinin güclü olmasını stimullaşdırı. Etiraf edək ki, az üzvlə, sosial və siyasi dayaq olmadan ciddi siyasi fəaliyyətli partiya formalaşdırmaq mümkün deyil və bu güclü partiyaların formlaşdırılması prosesini də ləngidir. Güclü partiyaların olmasında həm hökumət, həm də YAP maraqlıdır.

Növbəti mərhələdə yeni qanunun tələblərinə uyğun siyasi partiyaların öz nizamnamə və proqram sənədlərini tam qaydada tərtib etmələri, partiya strukturları və yerli təşkilatlarını yeni formada formalaşdırmaları proseslərini də görəcəyik. Bütün bunlar partiyaların siyasi proseslərə tam hazır, siyasi sistemin qaydalarına uyğun və siyasi mübarizəyə hazır olmalarına dəstək kimi də qiymətləndirilməlidir.

Prezident İlham Əliyev Azərbaycanın bu günkü və gələcək siyasi və iqtisadi inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və siyasi idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Cənab İlham Əliyev siyasi sistemimizin yeni yol xəritəsinin müəllifi olmaqla yanaşı Azərbaycanda azad və demokratik cəmiyyətə xas siyasi institutların tam formalaşması və siyasi konfiqurasiya uyğun sağlam siyasi mübarizə ənənəsinin oturuşması siyasətinin də memarı olduğunu bir daha əməli olaraq göstərir.