YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsilin inkişafı diqqət mərkəzindədir

Sentyabrın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin ənənəyə uyğun olaraq bu il Xətai rayon məktəblərində birinci sinfə gedəcək şəhid, qazi, aztəminatlı ailələrin uşaqlarına hədiyyə təqdim edib.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə məktəb illərinin başlanğıcında olan birinciləri təbrik edib və onlara xoş arzularını çatdırıb. Təhsil  millətin gələcəyidir. Ümummilli Lider Heydər Əliyev uşaqları gələcəyimiz kimi dəyərləndirir, onların hərtərəfli inkişafı üçün zəruri addımların atılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Bu vəzifələr sırasında  uşaqların təhsili, onların vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ kimi öndə dayanırdı. Ümumilikdə təhsil hər bir dövlətin inkişaf səviyyəsinin göstəricisidir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsinin 100 faiz olması təhsil sahəsində aparılan islahatların, görülən tədbirlərin uğurlu nəticələridir.  Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafını daim diqqətdə saxlayaraq bu sahədə əsas göstərici olan məktəblərin tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirlər. Hər yeni tədris ilində neçə-neçə məktəbin  tikintisi, yaxud əsaslı təmir edilərək istifadəyə verilməsi, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  onların açılışında iştirakı  ölkəmizdə təhsilin nə qədər xüsusi önəm kəsb etdiyini açıqlayır. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində iki mindən artıq məktəbin tikilməsi, yaxud əsaslı təmiri də bunun bariz nümunəsidir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin yeni tədris ilinin başlanması münasibətilə birincilərə xoş arzularını çatdırıb. Bildirib ki, yeni həyata qədəm qoyursunuz. Azərbaycanda təhsilin inkişafı istiqamətində atılan addımlar və onların uğurlu nəticələri qürurvericidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahəyə xüsusi diqqət göstərirlər.

M.Zabelin bildirib ki, bugünün birinciləri sabahın müxtəlif ixtisas sahibləri olacaq. Əldə etdiyiniz bu bilikləri doğma Vətənimiz Azərbaycanın daha da inkişafına, qüdrətlənməsinə yönəltməyinizi arzulayıram.  Birincilərə yeni tədris ilində  təqdim  olunan hədiyyənin, təbii ki, öz rəmzi mənası vardır. Bu, hər zaman yaddaşınızda dərin izlər qoyacaq.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Pənah İmanov qeyd edib ki, təhsilimizə göstərilən qayğı, məktəblilərin və tələbələrin yüksək savada, biliyə sahib olmaları üçün yaradılan şərait  əldə olunan  göstəricilərdə də özünün aydın ifadəsini tapır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ümumtəhsil məktəblərində yaradılan möhkəm təməl  ali təhsil ocaqlarına  yüksək balla daxil olmağa, elmin sirlərinə dərindən yiyələnməyə, ən əsası qalib Azərbaycanın daha da güclənməsinə, qüdrətlənməsinə dəstək göstərməyə böyük stimul verir.

Tədbirin sonunda birincilərə  məktəb ləvazimatları ilə  zəngin çantalar təqdim olunub və xatirə şəkli çəkilib.