YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mürəkkəb geosiyasi vəziyyətdə Çin-Azərbaycan əməkdaşlığı

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsidir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur.  Azərbaycan Çin ilə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olub. Bu əlaqələr bu gün də davamlı olaraq həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsi bu əlaqələrin dünəninə, bu gününə və perspektivlərə işıq salır. Belə ki, Prezident İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin istər ölkəmizin bu günü, istərsə də xarici siyasət uğurlarımızın davamlılığını təmin etmək üçün yaratdığı möhkəm təməldən bəhs etdi. Bildirdi ki, əslində, Çin Ümummilli Lider üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib: “O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi”. O da qeyd edildi ki, ikitərəfli münasibətlərimizin təməli həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan əlaqələrin dinamik inkişafı üçün mühüm potensial vardır.

Dövlət başçısı İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətləri xüsusi rol oynayır. Prezident Si Cinpinlə görüşlərindən, münasibətlərimizin inkişafı istiqamətində atdığı addımlardan geniş bəhs edən cənab İlham Əliyev onu da qeyd etdi ki, onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir: “Buna baxmayaraq, bizim əməkdaşlığımızın mahiyyəti və perspektivləri barədə dərindən məlumatlı olması göstərir ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Bilirsiniz ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz həmin müdrik siyasətin nəticəsidir. Biz onun ölkəsinin inkişafını və yardıma ehtiyacı olanlara dəstək istiqamətindəki fəaliyyətini yalnız alqışlaya bilərik”.

Prezident İlham Əliyev Azərbaycan ilə bağlı bu məqamı qeyd etdi ki, COVID-19 başlayanda  peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu: “Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!”

Azərbaycan-Çin əməkdaşlığının inkişafının iki xalqın mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır.  Çinlə iqtisadi cəhətdən əməkdaşlıq genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif şirkətləri iştirak edirlər. Eyni zamanda, Çin ilə Azərbaycan arasında əməkdaşlığın daha bir konkret təzahür forması var ki, bu da qədim İpək yolunun bərpası ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.  Rəsmi Bakı və Pekin hazırkı mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüslərlə çıxış edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin mənafeyinə tamamilə uyğundur.