Xəbərlər
Qlobal enerji layihələri Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edir

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Cari ilin aprelin 4-də “Gülüstan” sarayında – Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilmişdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəxalq maliyyə institutu, həmçinin 42 enerji şirkəti iştirak etmişdir.
Toplantının önəmli cəhətlərindən biri də iştirakçı ölkələrin və şirkətlərin tərkibinin genişlənməsi idi. Bu dəfə tədbirdə Qərbi Balkan ölkələri – Bosniya və Herseqovina, Qara Dəniz bölgəsindən Moldova və digər dövlətlər də yer aldı. Bu ölkələr enerji təchizatında etibarlı alternativlər axtararkən, Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edərək, ölkənin enerji strategiyasının əsas prioritetlərini diqqətə çatdırdı: “Cənub Qaz Dəhlizi layihəsi artıq tarixə çevrilib. O, reallıqdır və bu reallıq Avropanın enerji təhlükəsizliyinin mühüm sütunlarından biridir”.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın təbii qaz ixracı 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar 13 milyard kubmetr oldu. Bu isə Azərbaycanın təchizat imkanlarının və siyasi iradəsinin dinamik inkişafından xəbər verir. Cənab İlham Əliyev çıxışında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının artıq 11-ci dəfədir Bakıda toplaşdığını və Avropa Komissiyası tərəfindən dəstəkləndiyini, enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşmasında birgə səylərin önəmli olmasını vurğulamışdır.
Azərbaycanın təbii sərvəti Avropadakı qaz ehtiyacını ödəyəcək vəziyyətdə olması, Azərbaycanla əməkdaşlığı sıxlaşdırır. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında bir körpü rolunu oynayır. Bundan sonra Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşlar üçün daha mühüm rol oynayacaq.
Bu toplantı bir daha Azərbaycanın hər bir sahədə olduğu kimi, enerji sahəsində də inkişafını, dünya ölkələrinin Azərbaycana olan marağını təsdiqlədi. Bir daha bu sahənin inkişafında əməkdaşlığın vacibliyini sübut etdi. Ölkəmiz üçün belə toplantıların əhəmiyyəti danılmazdır.