YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaman mövqeyimizi gücləndirir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Qədim tarixə, zəngin ənənələrə malik Azərbaycan xalqı bu il böyük fərəh və qürur hissi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu Öndər öz gərgin və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz üçün çox möhkəm, həm də eyni zamanda sağlam təməllər formalaşdırdı. Ümummilli Liderimizin fəaliyyəti həm çoxşaxəli olmuşdur, həm də burada ölkəmizin gələcək inkişaf kursu böyük uzaqgörənliklə nəzərə alınmışdır. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hər bir dövlətin müstəqil yaşamasının ən vacib şərti onun özünümüdafiə qabiliyyətinin yüksək olması və güclü orduya sahiblənməsidir. Ulu Öndər bu məqamı öz çıxışlarında da hər zaman xüsusi olaraq vurğulayırdı.

Bütün digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Ulu Öndər Heydər Əliyev ənənələri Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan Ordusu dayanmadan inkişaf etdirilmiş və onun döyüş qabiliyyəti, maddi-texniki təminatı yüksək səviyyəyə qaldırılmışdır. Azərbaycan Respublikası dünyanın bir sıra aparıcı dövlətləri ilə hərbi-texniki əməkdaşlığını genişləndirir ki, bu da həm təchizat, həm də döyüş bacarığının artırılması baxımından silahlı qüvvələrimizə öz müsbət təsirlərini göstərir.

Azərbaycan Respublikası öz müdafiə imkanlarını genişləndirməklə yanaşı, danışıqlar prosesində hər zaman sülh istəklərini ortaya qoyur və Cənubi Qafqazda qalıcı sülhə nail olunması baxımından yorulmadan fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu sülh çağırışlarımızı Ermənistan cavabsız qoyur. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Xarici qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistan sülhdən yayınmağa çalışmaqla əslində öz sonunu yaxınlaşdırır. Sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında, ədalətli şərtlərlə imzalanmalıdır və burada postmüharibə reallıqları mütləq şəkildə nəzərə alınmalıdır. Çünki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib tərəfdir. Bu qalibiyyət isə qəhrəman Azərbaycan oğullarının canı və qanı bahasına əldə edilmişdir.

Ermənistan 2022-ci ilin oktyabr ayında ABŞ-da keçirilmiş danışıqlarda rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq Ermənistan bu razılaşmaya rəsmi şəkildə imza atmalıdır. Yalnız belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh bərqərar olar. Ermənistan ən son reallıqları dərk edərək düzgün nəticələr çıxarmalıdır. Bu gün güc ölkəmizin tərəfindədir, zaman da bizim mövqeyimizi gücləndirir. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. 30 illik işğala, bədnam qonşularımız tərəfindən törədilmiş hərbi cinayətlərə baxmayaraq Azərbaycan hələ də təmkinlə, səbrlə davranır və Ermənistanın sülh təkliflərimizi qəbul edəcəyini gözləyir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 23 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağını təqdim edərkən Ermənistana və onun havadarlarına çox önəmli mesajlar ünvanladı. Qalır onların cənab İlham Əliyevin səsləndirdiyi mesajlardan doğru nəticələr çıxarmağı.