YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir

“Son vaxtlar İslam Əməkdaşlıq Təşkilatı ilə bizim əlaqələrimiz daha da inkişaf edir. Aprel və may aylarında Ciddədə və Bakıda təşkilatın baş katibi ilə mənim görüşlərim olmuşdur. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın uğurlu inkişafını qeyd edir, Azərbaycanda gedən işlərə çox yüksək qiymət verir. Biz də təşkilatın fəal üzvü kimi çalışırıq ki, ölkələr arasındakı həmrəyliyi daha da gücləndirək. Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etmişdir. Bu dəstəyə görə təşkilatın üzvü olan ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm”. Bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə səsləndirmişdir.

Prezident İlham Əliyev daha sonra qeyd etmişdir ki, keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir: “Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir. O, bir memarlıq əsəridir. Dünyanın ən yeni məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni, bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir”.