YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngin tarixi-mədəni irsimizin təbliği əsas hədəflərimizdəndir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan xalqı zaman-zaman dünyanın elm və mədəniyyət xəzinəsini, ictimai fikir tarixini zənginləşdirmiş olan çoxsaylı nadir dühalar yetirib. Əzəməti və böyüklüyü dünyanın hər tərəfindən görünən belə dühalarımızdan biri də dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvidir. O, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Bu dahi söz ustadının zəngin irsini öyrənmək və xatirəsini əbədiləşdirmək istiqamətində həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanda və respublikanın hüdudlarından kənarda olduqca böyük, yaddaqalan işlər görülüb. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır.

Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Bir mühüm məqamı da qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi Nizami yaradıcılığının  daha dərindən öyrənilməsində və gənc nəslə çatdırılmasında öz sözünü dedi. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran, yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı yüksək qiymətləndirilir.

Mütəfəkkir şairin ədəbi irsinin təbliği bütün dövrlər üçün öz aktuallığını qoruyaraq ədəbiyyatşünasların qarşısında onun araşdırılıb daha sanballı mənbələrin ortaya qoyulmasını bir tələbə çevirir.  Nizami Gəncəvinin əsərləri sadəcə kamil bədii əsər nümunələri deyil. Bu əsərlər həm də bütün elm sahələrinə dair çox qiymətli məlumat toplusudur.