YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyətimiz xalqımızın milli sərvətidir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Milli-mənəvi dəyərlərimizin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.

Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlamışdır. Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Gələcək uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.  Azərbaycan mədəniyyətinin görkəmli xadimləri heç zaman dahi şəxsiyyət Heydər Əliyevin dövründə olduğu qədər tanınmamışlar. Ulu öndər Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Belə sənətkarları sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz dahi şəxsiyyət Heydər Əliyevin qayğısı sayəsində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad almışlar. Ulu öndər Heydər Əliyev yazıçıların, şairlərin, bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanır­dı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proq­ramına çevrilirdi.

Əslində ulu öndər Heydər Əliyev mədəniyyəti inkişaf etdirmək istiqamətində özünün bütün möhtəşəm fəaliyyəti ilə sovet dönəminin kommunist liderləri içərisində ən böyük mədəniyyət milliyətçisi idi. “Kosmopolitik” sovet xalqı yaratmaqla, millətlər arasında fərqləri ləğv etməyi qarşıya məqsəd qoyan kommunist ideologiyasından fərqli olaraq dahi şəxsiyyət Heydər Əliyev bu günümüz üçün Azərbaycan milli mədəniyyətinin qoruyucusu, inkişaf etdiricisi və zənginləşdiricisi funksiyasını sistemli şəkildə qətiyyətlə həyata keçirirdi.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü, yaradıcı rəhbərliyi və iştirakı ilə Azərbaycan xalqının həyatında və tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlərə aid monumental sənət əsərləri yaradılmış, abidələr ucaldılmışdır. Bu abidələr Azərbaycanın görkəmli söz sənət adamlarının, tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirməklə yanaşı mükəmməl sənət nümunələri kimi mədəniyyət xəzinəmizə daxil olmuşdur. Ulu öndərin rəhbərliyi dövründə xalqımızın onlarla görkəmli mədəniyyət xadiminin ev muzeyləri yaradılmışdır. Zəngin mənəvi irsimizin qorunmasında, milli mədəni ənənələrimizin yaşadılmasında həmin ev muzeyləri bugün mənəviyyat ocaqları və mərkəzləri kimi xalqımızın xidmətindədir.1969-cu ildən 1982-ci ilə qədər 14 dövlət teatrının fəaliyyətə başlaması vətəndaşların mənəviyyatının saflaşmasında mühüm rol oynamışdır. Onun rəhbərliyi dövründə keçmiş SSRİ və xarici ölkələrdə Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsinə xüsusi önəm verilmişdir. 

“Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir”, deyən ulu öndər Heydər Əliyev özünün müqayisə olunmaz və ölçüyə gəlməz xidmətləri ilə Azərbaycan mədəniyyət salnaməsinin hər bir səhifəsinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan mədəniyyətinin yüksəlişi, onun dirçəlişi, zənginləşməsi geniş miqyasda təbliği və bütün dünyada tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həqiqətdir ki, Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində ulu öndər Heydər Əliyevin zamanında olduğu qədər yüksək qiymətləndirilməyib. Ulu öndər Heydər Əliyevin irsi vətənə xidmət sevgisi duyğuları ilə yaşayan hər bir insan üçün dərin idrak mənbəyidir. Bu mənbə isə layiqli hər bir vətəndaş üçün daim qiymətli və əzizdir. Mədəniyyətimizin milli, mənəvi dəyərlərimizin və mədəni incilərimizin yaşadılması və qorunması bu gün Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı tərəfindən mədəniyyətimizin inkişafı ilə bağlı yüzlərlə fərman və sərəncamın imzalanması bu sahəyə ali diqqətinin nümunəsidir.