YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlığa doğru

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində bütün ölkələrlə normal və bərabərhüquqlu əsaslarla münasibətlərin inkişaf etdirilməsi prioritetdir. Dövlətimizin Rusiya Federasiyasının ayrı-ayrı regionları və subyektləri ilə əlaqələri də  uğurla inkişaf edir. Bu baxımdan Tatarıstan Respublikası da vacib yer tutur. Müstəqil Azərbaycanla Tatarıstan arasında tarixdən gələn bağlılıq əsasında sıx əməkdaşlıq münasibətləri qurulub. Bu günlərdə Tatarıstanın Rəisi Rüstəm Minnixanovun ölkəmizə səfərə gəlməsi ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha göstərir.  Səfər çərçivəsində iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevlə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun görüşü olub və işğaldan azad olunmuş ərazilərimizdə  bir sıra tədbirlərə qatılıblar.

Məlumdur ki, bu gün İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin bərpası, burada yüksəksəviyyəli infrastruktur quruculuğu intensiv şəkildə davam etdirilir. Qısa müddətdə çoxlu sayda layihənin icrası tamamlanıb və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa start verilib. O cümlədən quruculuq-bərpa işləri çərçivəsində Zəngilanda və Füzulidə olmaqla iki beynəlxalq səviyyəli hava limanı istifadəyə verilib.  Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə istifadəyə verilən hava limanları bütün növ yük və sərnişin təyyarələrini qəbul etmək imkanlarına malikdirlər.

Təqdirəlayiq haldır ki, ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov da iyunun 17-də məhz Zəngilan Beynəlxalq Hava Limanında qarşılanıb. Prezident İlham Əliyevin onunla görüşü də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində baş tutub. Dövlətimizin başçısı Tatarıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində öz layihələrini həyata keçirməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev qonağa xitabən “Sizinlə müəyyən etdiyimiz hər şey, o cümlədən “Araz Vadisi” Sənaye Parkının birinci obyekti, - bu, qardaş Tatarıstanın obyektidir, - icra olunur. Yəni, biz ərazilərin bərpası işinə belə münasibətə görə çox minnətdarıq. Əlbəttə ki, biz müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq”, - deyə vurğulayıb. Dövlətimizin başçısı əməkdaşlıq perspektivlərinin böyük olduğunu xüsusi olaraq diqqətə çatdırıb: “Biz burada məsləhətləşmələrə gələn və sonrakı planlar üzrə qərar qəbul edən nümayəndə heyəti ilə artıq fikir mübadiləsi aparmışıq. Əlbəttə, sənaye kooperasiyasında, energetikada, neft-qaz sahəsində perspektivlər böyükdür. Təbii ki, mədəni əməkdaşlıq da çox vacib sahədir. Tatarıstan və Azərbaycan xalqları əsrlər boyu qardaşlıq, dostluq münasibətləri saxlayırlar. Əlbəttə ki, bizim aramızdakı münasibətlər Rusiya və Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfədir və bizim dövlətlərarası səviyyədə planlaşdırdığımız, həyata keçirdiyimiz hər bir məsələ kimi çox səmərəli, dinamik şəkildə inkişaf edir”.

İyunun 17-də Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu layihələrin reallaşması nəticəsində, ümumilikdə Sənaye Parkına 32,7 milyon manat investisiya yatırılacaq, 420-dən çox daimi iş yeri yaradılacaq.

Prezident İlham Əliyev və Rəis Rüstəm Minnixanov “Avto Lizinq Azərbaycan” MMC-nin açılışını bildirən rəmzi lenti kəsiblər. Məlumat verilib ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Bütün bunlar isə regionun yaxın gələcəkdə iqtisadi cəhətdən böyük inkişafa nail olacağını təsdiqləyir.