YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu birlik əbədi olacaq

Həbib Cəfərov  

YAP Astara rayon təşkilatının sədri

Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Münasibətlərimizin dünəninin, bu gününün və gələcəyinin aydın ifadəsini yaradan Şuşa Bəyannaməsinin imzalanmasının iki ili tamam olur.

 Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. İki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Bəyannamədə iqtisadi əlaqələrin gücləndirilməsi əksini tapıb. İqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. İki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya, humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində də əməkdaşlığın daha da inkişafı məqsədilə birgə davamlı fəaliyyətlərin həyata keçiriləcəyinin ifadə olunması Bəyannamənin hərtərəfli fəaliyyət konsepsiyasını müəyyən edir. Bütün bunlar, Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunu sübut edir. Türkiyə ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm bir körpüdür. Şuşa Bəyannaməsində əksini tapan müddəalardan irəli gələn vəzifələrin uğurlu icrası bu körpünü daha da möhkəmləndirəcək.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesaj oldu. Şuşada birgə dalğalanan Azərbaycan və Türkiyə bayraqları birliyimizin, həmrəyliyimizin sarsılmazlığının, hər zaman bir yerdə olacağımızın dünyaya təqdimatı oldu. Bu tarixi addım şanlı Zəfərimizin reallıqlarının, bu torpaqların əsl sahibinin Azərbaycan xalqı olduğunun təsdiqidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa ilk səfər edən dövlət başçısıdır.

Şuşa Bəyannaməsinin ikinci ilinin yüksək əhval-ruhiyyə ilə qeyd edilməsində mühüm rol oynayan amillərdən biri məhz cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsidir. Qardaş ölkənin Prezidentinin  bu günlərdə keçirilən andiçmə mərasimi bir daha qardaşlığımızın təqdimatında əhəmiyyətli rol oynadı. Sübut olundu ki, bu münasibətlərin inkişafında dövlətlərarası əməkdaşlıq ilə yanaşı, Prezidentlərin şəxsi münasibətləri, səmimiyyəti, qarşılıqlı etimad, ən əsası qardaşlıq öz sözünü deyir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cənab İlham Əliyevə müraciətində yer alan “Əziz qardaşım” ifadəsi  böyük etimadın  göstəricisidir. Bu birlik əbədi olacaq. Qarşıya qoyulan hədəflər əməkdaşlığımıza yeni əlavələr gətirəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və Şuşa Bəyannaməsi bu qardaşlığı daha da gücləndirir.

DİGƏR Xəbərlər Arxiv