YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəal aktor və regional güc

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Mayın 31- də Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində çıxış edib. Prezident İlham Əliyevin öz çıxışında toxunduğu vacib məqamlardan biri də enerji təhlükəsizliyinə dair verdiyi açıqlamalar idi. “Enerji təhlükəsizliyi təkcə tədarük istiqamətlərinin deyil, həm də mənbələrin şaxələndirilməsi deməkdir” -deyə cənab Prezident öz çıxışında vurğulayıb.

Hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti günü gündən artır. Azərbaycanın reallığa çevirdiyi enerji layihələrini, Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələrini nəzərə alsaq, bu gün ölkəmizin dünya üçün önəmi, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi özünü daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan tək Aİ ilə deyil, həm də bu quruma üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Bu əlaqələrin bütün səviyyələrdə dərinləşdirilməsi isə həm Azərbaycanın, həm Aİ-nin, həm də bu quruma üzv ölkələrin maraqlarına cavab verir. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da genişdir. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Memorandum uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasəti Azərbaycanın bu sahədə dünyada getdikcə daha qabaqcıl mövqelərə sahib olmasını şərtləndirir. Azərbaycan hazırda nəhəng enerji infrastrukturu yaratmaqla, Avrasiya məkanının enerji xəritəsini dəyişdirib. Ölkəmizin artan nüfuzu Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin də əhəmiyyətinin getdikcə artmasına səbəb olur.

Mayın 31-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi də bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri sayılır.

Uzunmüddətli enerji təhlükəsizliyinə nail olmaqda Azərbaycanın rolu artmaqdadır. Azərbaycanın dünyanın enerji tələbatını ödəmək üçün hasilatın artırılması, əldə olunan məhsulların ixraca yönəldilməsi, infrastruktur, logistika, nəqletmə, beynəlxalq və milli neft-qaz şirkətləri ilə əməkdaşlıq imkanları genişlənir.

Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Bütün bunlar isə Prezident İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə daha möhkəmləndiyinin bariz təcəssümüdür.