YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh, əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsasıdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri 

Azərbaycan təkmil inkişaf modeli ilə dünyanın diqqətindədir. İstər ev sahibliyi etdiyi, istərsə də üzvü olduğu, yaxud qonaq qismində dəvət edildiyi beynəlxalq qurumların tədbirlərində ünvanına səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Belə beynəlxalq təşkilatlardan biri də Avrasiya İqtisadi Birliyidir.  Azərbaycan bu quruma üzv olmasa da, Ermənistan istisna olmaqla, üzv ölkələrlə istər siyasi, istərsə də iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir.  Prezident İlham Əliyevin mayın 25-də Moskvaya işgüzar səfəri çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasına qonaq qismində dəvət olunması da deyilənlərin təsdiqidir.

“Mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək” söyləyən dövlət başçısı İlham Əliyev diqqəti bu statistik rəqəmlərə yönəltdi. Bildirdi ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görür.

Ölkəmizin iqtisadi imkanlarının təqdimatı fonunda bu uğurlarımız da tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Qeyd edilənlər fonunda bu reallığı böyük əminliklə qeyd edirik ki, Azərbaycan iqtisadi müstəqilliyə tam nail olub. Bu da müstəqil xarici siyasətin uğurla həyata keçirilməsinə əsas verir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Azərbaycanın Zəfəri ilə yaratdığı reallıqlar beynəlxalq aləmdə qəbul olunur. Ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəstəkləndiyinin aydın ifadəsini yaradır. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbatcan Prezidentinin və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçirilən görüşü ölkəmizin diplomatik uğurlarına yenilərinin əlavəsi oldu. Ermənistan gec-tez sülh müqaviləsini imzalayacaq, bölgədə dayanıqlı sülh təmin ediləcək, yeni əməkdaşlıq formatları yaradılacaq. Göründüyü kimi, sülh, əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsasıdır.