YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin ideyalarına daim sadiqik

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Respublikası son illərdə ölkə Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində daha sürətlə inkişaf etməkdədir. Ölkəmiz iqtisadi, siyasi, hərbi və digər sahələrdəki diqqətçəkən uğurlarını ötən hər gün sıralamaqdadır. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimiz artıq yaxın tariximizin qızıl hərflərlə yazılmış bir səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti ilə “Böyük Qayıdış” arzumuz da reallaşır. Bütün bu uğurların təməlində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə formalaşdırılmış Azərbaycan Respublikasının inkişaf strategiyası dayanır. Dövlət başçımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Şuşa şəhərindən Azərbaycan xalqına etdiyi müraciətdə bir çox vacib məsələlərə münasibət bildirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, artıq “Böyük Qayıdış”a başlanmışdır. Müharibədən cəmi iki il yarım keçməsinə baxmayaraq artıq keçmiş məcburi köçkünlər bütün lazımi şəraitlə təmin olunmuş iki kəndə qayıtmışlar. Bu proses yaxın vaxtlarda getdikcə daha da geniş vüsət alacaqdır. Bütün vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Vətəndaşlarımızın sosial problemlərinin vaxtında və planlı şəkildə həlli dövlətimizin siyasətinin prioritet istiqamətidir.

Müasir XXI əsrin reallıqlarını nəzərə alaraq Azərbaycan Respublikası yüksək texnologiyaların inkişafına və səmərəli tətbiqinə hesablanmış çox düzgün addımlar atır. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcəkdə ölkəmizin məhz bu istiqamətdə daha da inkişaf edəcəyinə əminik. Artıq müasir dünyada texnologiyalar hər bir sahədə həlledici amilə və gücə  çevrilməkdədir.

Müasirliklə bərabər Azərbaycanda görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Xalqımız ənənəvi dəyərlərinə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Gənc nəsil milli-mənəvi dəyərlərə, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı yetişir. Müasir Azərbaycan gəncliyi yüksək ümumbəşəri və milli-mənəvi dəyərlərə sahibdir. Məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşmış Azərbaycan gəncliyi uzun illər ərzində işğal altında olan torpaqları azad etdi, Şuşa kimi alınmaz qalada üçrəngli, ay-ulduzlu bayrağımızı qürurla dalğalandırdı.

Azərbaycan dövləti ordu quruculuğu məsələlərini daim xüsusi diqqətdə saxlayır, bu məsələyə sistemli şəkildə yanaşır. İkinci Qarabağ müharibəsindən sonra ordumuz daha da güclənmiş, onun maddi-texniki təminatı daha yüksək səviyyəyə qaldırılmışdır. Artıq Azərbaycan Ordusu həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərindən dünyanın ən güclü ordularının sırasındadır.

Doğma Qarabağımızı, Şuşamızı azad görmək Ulu Öndər Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının ən böyük arzusu idi. Bu tarixi missiya uğurla yerinə yetirildi. Bu gün Qarabağ və Şərqi Zəngəzur əzəmətli tikinti meydançasını xatırladır. Xalqımız bu torpaqları artıq dirçəldir. Biz tam əminik ki, Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olan Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hələ neçə-neçə qələbələr və uğurlar qazanacaq.