YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yox olanı Var edən Dahi!

Jalə Əliyeva

Milli Məclisin Ailə,Qadın və Uşaq məsələləri  komitəsinin sədr müavini

Məhəmməd Hadi 1908-ci ildə "İttifaq" qəzetində çap etdirdiyi "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar" şeirində böyük bir təəssüf hissi ilə deyirdi ki, "yox millətimin xətti bu imzalar içində". Məhəmməd Hadi bu misraları yazarkən təbii olaraq bilmirdi ki, cəmi 15 il keçəcək, Naxçıvanda bir oğlan uşağı dünyaya gələcək, onun adını Heydər qoyacaqlar. Və Məhəmməd Hadi bunu da bilmirdi ki, bu oğlan uşağı böyüyüb, elə bir dühaya çevriləcək ki, ölkəsinin, xalqının adını bütün dünyaya duyurmuş olacaq. Və millətinin xəttini imzalar içində Var edəcək!

Bəli, Heydər Əliyev Azərbaycan xalqının 20-ci əsrdə ərsəyə gətirdiyi və dünyaya bəxş etdiyi, əslində isə tanrının bizə lütf etdiyi  dahidir və belə dahilər hər zaman doğulmurlar.

İngilis filosofu K.Tomas deyir ki, "dünyada elə oğullar var ki, xalqlar onun şöhrətinin arxasında gəlirlər və belə oğulların sayı çox deyil". Bəli, belə nadir oğullardan birini tanrı məhz Azərbaycan xalqına bəxş edib. Ulu öndər tarixçi idi, amma onun qəlbində hər bir zaman bir memarlıq ruhu olub və məhz o ruh ilə o, Azərbaycanımızın qurucusuna, xalqımızın xilaskarına çevrildi.

Əlbəttə ki, Heydər Əliyev haqqında danışarkən onun hakimiyyətdə olduğu dövrlərdə imzasını atdığı saysız hesabsız layihələr haqqında söz etməmək mümkün deyil. Hər birimizin qəlbimizdə bir Ulu Öndər abidəsi var və bu abidə hər zaman öz sözünü deyir...

Sovet totalitar rejiminin tüğyan etdiyi bir zamanda məhz Heydər Əliyev mümkün olmayanı xalqı üçün etdi. O 50 il sonranı peyğəmbər dəqiqliyi ilə görərək addımlar atırdı. O, Azərbaycan iqtisafiyyatının, sənayenin, mədəniyyətinin, səhiyyənin, təhsilin, ordunun, kənd təsərrüfatının təşəkkülü və inkişafı üçün böyük bir əzmkarlıqla və cəsarətlə çalışırdı. Onun saysız-hesabsız xidmətlərindən bir neçəsini xatırlayaq.

Ulu Öndərin böyük səyləriylə  sovetlər dövründə  Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Milli hərbi kadrlar yetişdirildi. O buna böyük çətinliklərlə də olsa, nail oldu!  Bu müstəqil bir ölkədə yox, SSRİ məkanında, SSRİ imperiyasına bağlı olan bir respublikada baş verirdi. Biz Qarabağ uğrundakı böyük qələbəni həmin liseyin məzunu ordu generallarımızın, zabitlərimizin şücaətiylə əldə etdik. Bu isə Heydər Əliyev dühasının gələcəyi görmək bacarığını bir daha isbat edir.

Biz bu gün ölkəmizin müxtəlif sahələrində uğurla çalışan  kadrlarla iftixar edirik və onların bir çoxunun həyatında Heydər Əliyevin böyük rolu olub. Yenə də sovetlər dövründə, Heydər Əliyev bu günə hesablanmış addımlar ataraq Azərbaycan gənclərinin ölkənin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradırdı. Özü şəxsən hazırda onun adını daşıyan sarayda gənclərə xeyir-dua verirdi, onlara dəstək olurdu, gənclərin yetişərək Azərbaycana qayıdıb ayrı-ayrı təsərrüfat sahələrində, dövlət idarəetməsində iştirak etmələrinə şərait yaradırdı.

Yenə o dövrlərdə Hüseyn Cavidin nəşinin qalıqlarının uzaq Sibirdən gətirilməsi və bunun üçün böyük bir komissiyasının yaradılması Heydər Əliyev sayəsində mümkün olmuşdu. Heydər Əliyev həmin dövrlərdə SSRİ Nazirlər Kabinetinin rəhbərliyində idi və o, bu nüfuzundan istifadə edərək çox böyük çətinliklərlə də olsa Cavid əfəndinin nəşinin uzaq Sibirdən tapılmasını və ölkəmizə geri qaytarılmasını bacardı. O zaman həmin komissiyaya rəhbərlik edən Həmid Cəfərov xatirələrində yazır ki, Hüseyn Cavidin nəşi Şevçenko -Tayşet - İrkutsk - Moskva - Yerevan - Naxçıvan marşrutu ilə ölkəyə qayıtmalı idi. Təyyarə İrkutskun üzərindən uçarkən bələdçi təyyarənin İrəvana yox, Moskvadan bir başa Bakıya enəcəyini, Bakıdan da Naxçıvana gedəcəyini bildirdi. Həmid Cəfərov təəccüblü halda bu tapşırığın haradan gəldiyini soruşanda, bələdçi tapşırığın Heydər Əliyev tərəfindən gəldiyini söyləyir. Göründüyü kimi Heydər Əliyev Hüseyn Cavidin nəşinin qalıqlarının belə ermənilərin yaşadığı məkana toxunmasını istəmədi.  Cavid əfəndi Bakıdan Sibirə yollanmışdı, onun ürəyi, qəlbi Bakıda qalmışdı, ona görə də onun nəşi əvvəlcə Bakıya vida etməli idi. Düşünürəm ki, elə təkcə bu fakt Heydər Əliyevin kimliyi, ruhu, mənəviyyatı, əxlaqı haqqında özündə tam fikir formalaşdırır.

Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi torpaqlarımızın tamamilə parçalanaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı bir zamana təsadüf edirdi. Heydər Əliyev hakimiyyətə gələrək xalqını xilas etdi, ölkəsini parçalanmaqdan, məhv olmaqdan qurtardı. O zamana qədər ölkənin yox olmuş bütün sahələrini bir-bir dirçəltməyə başladı, ən əsası isə Azərbaycanın müstəqilliyini qorudu və əbədi etdi.

Tarix boyu bir çox dünya xalqları öz müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan xalqının da 20-ci əsrdə əldə etdiyi müstəqilliyin ömrü cəmi 23 ay sürdü. Ondan sonrakı bütün dövrlərdə xalq öz müstəqilliyi uğrunda mübarizə apardı və tarix onu göstərdi ki, əslində müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən daha çətindir. Heydər Əliyev məhz bunu etdi, ayaqları üstündə zor dayanan Azərbaycana, evdən çıxıb axşam evimizə sağ salamat qayıdacayıq mı, qayıtmayacayıq mı dilemması, olum-ölüm sualı qarşısında qalan xalqa əbədi yaşarlıq verdi, ölkəni vətəndaş müharibəsindən, xaosdan, səfalətdən qurtardı.

Onun rəhbərliyi ilə böyük layihələrə imza atıldı. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi əslində yenə bu günümüzə hesablanmış addım idi. Bu kontrakt Azərbaycana böyük investisiyaların yatırılması, dünyanın aparıcı şirkətlərinin nəzərini Azərbaycana cəlb etmək demək idi. Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçdi, atəşkəsə nail olundu. O atəşkəs sayəsində daha sonrakı qələbəmizə hazırlandıq, 44 günlük müharibə nəticəsində Zəfər çaldıq!  "Mən ona özüm kimi inanıram, inanıram ki, mənim başladığımız lakin sona çatdıra bilmədiyim işləri ləqayətlə davam etdirəcəkdir" deyərkən də  Heydər Əliyev yanılmadı, bizlərə doğru olan yolu göstərdi. Və ata vəsiyyətinə ləyaqətlə əməl edən Prezident İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu ilə yeni, bütöv Azərbaycan təntənə çaldı!

Bu günlərdə həm Ulu Öndərin, həm də onun vəfalı ömür-gün yoldaşı, 20-ci əsr Azərbaycan qadın tarixinin parlaq siması, görkəmli alim Zərifə xanım Əliyevanın 100 illik yubleyidir.  Onlar bundan 100 il əvvəl, cəmi 10 gün aralıqla qədim Naxçıvanda dünyaya gəldilər, böyüdülər. İllər sonra Naxçıvandan uzaq bir şəhərdə Bakıda qarşılaşdılar, bir-birlərinə dərin sevgi ilə bağlandılar. Bu sevgiylə sarsılmaz bir təməl atdılar, xoşbəxt bir ailə qurdular... Dünyamıza, xalqımıza, bizlərə İlham Əliyev kimi əvəzsiz bir oğul, Xilaskar bir Prezident bəxş etdilər. Bu gün məhz onun sayəsində bütövləşmiş Azərbaycanı xalqı olaraq böyük bir qürurun, xoşbəxtliyin, sevincin içərisindəyik. Bu gün biz Qarabağlı Azərbaycanıq! Bu qüruru  bizə yaşatdığı üçün Prezidentimizə sonsuz minnətdarıq və onu dünyaya gətirən o böyük insanların, qarşısında baş əyirik, ruhlarına dualar oxuyuruq.