YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşıqlı Əbədiyyət Yolu

Jalə Əliyeva

Milli Məclisin Ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini

28 aprel  -  özünün işıqlı və humanist peşəsi, xeyirxah və faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan Oftalmologiya məktəbinin yaradıcılarından biri -  akademik Zərifə xanım Əliyevanın dünyaya gəldiyi gündür. Bu gün onun, bu dəyərli və ləyaqətli Azərbaycan xanımının 100-cü ildönümüdür.

Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara… Zərifə xanım Əliyeva tanrının sevdiyi və əbədi yaşarlılıq haqqı verdiyi seçilmişlərdəndir.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.

Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət…

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir.

Dünya şöhrətli oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik M. Krasnov Zərifə xanım Əliyeva haqqında xatirəsində yazırdı: “Zərifə xanım qeyri-adi insan idi, başqa istedadlı şəxsiyyətlər kimi o da hər cəhətdən istedadlı idi. Mənim anlamımda isə hər şeydən öndə həyat istedadı və insanilik dayanır. Biz böyük insan itirdik. Sağlığında da onun yeri görünürdü, ölümündən sonra da! Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: o həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!Əbəs yerə demirlər ki, insanın böyüklüyü onun sadəliyindədir. Bir təbib, bir müəllim, bir alim, bir ictimai xadim kimi qazandığı şöhrətinin ən yüksək zirvədə olduğu vaxtlarda da akademik Zərifə xanım Əliyeva belə də qaldı: qayğıkeş, mehriban, gülərüz, xeyirxah..."

Bəlkə də bəşər tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı İnsanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucada tuta bilsin. Məhz akademik Zərifə xanım Əliyeva insanlığın zirvəsində qərar tutmuş əbədiyyət yolçusudur.

Zərifə xanım Əliyeva həm də ona görə xoş talehli və unudulmaz bir şəxsiyyətdir ki, onun humanist həkimlik peşəsi, alim, ictimai xadim kimi fəaliyyəti, ləyaqətli həyat yoldaşı, ana, nənə missiyası bu gün də sözün əsil mənasında yaşayır, ulu öndər Heydər Əliyevin ocağında Mehriban xanım Əliyevanın şəxsində daha böyük miqyasda davam edir. Hörmətli Mehriban xanım Əliyeva da istedadlı göz həkimi, görkəmli alim və səhiyyə təşkilatçısı, istimai-siyasi xadim kimi şərəfli missiyanı uğurla davan etdirir, öz yorulmaz fəaliyyəti ilə milyonlarla insana ümid işığı,firəvanlıq,  can sağlığı və gələcəyə inam bəxş edir.

Akademik Zərifə xanım Əliyeva haqqında çoxlu şeirlər, məqalələr, kitablar yazılmış və bundan sonra da yazılacaqdır. Lakin bu böyük insan haqqında ən xoş, ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan və hamıdan çox sevən ömür-gün yoldaşı- Ümummilli lider Heydər Əliyev söyləmişdir: “… Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.

Bəli, Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, bu gün xoşbəxt gündür. Bu gün Zərifə xanımın doğum günüdür. O, gözəl övladları təkcə Heydər Əliyevə deyil, bütün Azərbaycana bəxş edib. Məhz onun övladı - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bizləri Qarabağlı Azərbaycan etdi! Ölkəmizi bütövləşdirdi Torpaqlarımızın Xilaskarına çevrildi!