YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin 1993-cü il 10 oktyabr tarixində keçirilən andiçmə mərasimində səsləndirdiyi   “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın” çağırışı Azərbaycanın bugünkü inkişafına böyük yol açdı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin həyatında yeni bir mərhələ başlandı. Xalqımızın ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi. Dahi şəxsiyyət Heydər Əliyev xalqa bu sevinci yaşatdı.  

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu nəzərə alsaq görərik ki, Azərbaycan Ulu Öndərin böyük uzaqgörənliklə atdığı addımların uğurlarını yaşayır. Ümummilli Lider ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verərək dünya təcrübəsinə əsasən belə bir çağırışı da etdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə  təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini şərtləndirdi.   Yeni neft strategiyasının uğurları bu gün Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında özünün aydın ifadəsini tapır.

Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində çıxış edən Ümummilli Lider, yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini belə qeyd etmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.”

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan sabitlik diyarı, böyük investisiyalar məkanı, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, bunun da böyük əksəriyyətini neft-qaz sektoruna yatırılan xarici investisiyalar təşkil edir. Neft-qaz gəlirlərindən səmərəli istifadə son 20 ilə yaxın dövrdə cənab İlham əliyevin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq bu sahənin inkişafında uğurlu nəticələrə yol açdı.

Bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Hər bir layihənin uğurlu sonluqla başa çatması növbəti layihələnin gündəmə gətirilməsini şərtləndirir. Azərbaycan beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir: “Gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.” Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Hazırda ölkəmiz etibarlı tərəfdaş kimi dünyanın diqqətindədir.