YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan daim qüdrətli dövlət kimi dünyanın diqqətində olacaq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri 

Azərbaycanın bugünkü reallıqlarını düzgün dəyərləndirmək üçün müstəqilliyinin bərpasının ilk illərində yaşadıqlarını yada salmaq bir zərurət kimi qarşımızda dayanır. O zaman ölkəyə idarəçilikdən xəbəri olmayan, səriştəsiz ünsürlərin rəhbərlik etməsi Azərbaycanın bütün sahələrdə uğursuzluqlar yaşamasına səbəb oldu. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi.  1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında tamamilə fərqli bir mənzərənin yaranmasına səbəb oldu.  Dahi şəxsiyyətin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan  qısa müddətdə sabitlik məkanı kimi diqqətdə oldu. Ən əsası Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin edildi. Ümummilli Liderin 28 sentyabr 1993-cü ildə Bakı Kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışında səsləndirdiyi “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm» fikirlər Azərbaycanın sonrakı illərdə qazandığı uğurların əsasına çevrildi. Belə ki, Ulu Öndər Heydər Əliyev sabitliyi və iqtisadi tərəqqini bütün sahələrin inkişafında əsas amil kimi önə çəkirdi. Bildirirdi ki, sabitlik olmasa hansısa sosial-iqtisadi layihənin uğurlu icrasından danışmaq qeyri-mümkündür. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrilməklə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasında mühüm rol oynadı.

Ümummilli Lider neft amilinə xüsusi önəm verərək Azərbaycanın bugünkü uğurları üçün möhkəm təməl yaratdı. Onun gərgin səyləri nəticəsində imzalanan  “Əsrin müqaviləsi”  Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu.  Bu sazişin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bundan sonra  dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.

“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.

Hazırda neft siyasətinin məntiqi davamı kimi qəbul edilən qeyri-neft sektorunun inkişafı prioritet məsələlər sırasındadır. Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirərək beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Bu günümüzün qürurverici hadisəsi tarixi Zəfərimizdir. İşğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən bərpa edilərək cənnət məkana çevrilirlər. Əminliklə demək olar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı bundan sonra da  sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşacaq, Azərbaycan qüdrətli dövlət kimi dünyanın diqqətində olacaq.