YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqinin əsası

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynamışdır.

Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycan inkişafdadır: “Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir”.

Regionlara mütəmadi səfərlər edən cənab Prezident bölgələrin sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırır. Növbəti belə səfər aprelin 18-də Neftçala və Salyan rayonlarına olmuşdur. Bu rayonlarda  fəaliyyət göstərən müəssisələrin fəaliyyəti ilə tanış olan ölkə başçısı Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə cənab Prezident qeyd edib ki, “mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.”

Azərbaycan brendi olan “Asan” xidmətin fəaliyyətindən danışan cənab Prezident qeyd etmişdir ki, bu sayca 25-ci mərkəzdir və bu gün Azərbaycanın bu xidmət modeli kifayət qədər inkişaf etmişdir. ““ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik.”

Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işlərinin gedişi ilə bağlı sualı cavablandıraraq bildirmişdir ki, bu artıq Azərbaycanın nəyə qadir olduğunu göstərən faktorlardan biridir. Erməni vandalları tərəfindən darmadağın edilərək xarabazarlığa çevrilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələri bu gün sözün əsl mənasında tikinti meydanıdır. Bu ərazilərdə infrastrukturun yaradılması, yollar, tunellər, yaşayış binalarının tikintisi çox sürətlə həyata keçirilir. Cənab Prezident qeyd etmişdir: “Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.”

Müsahibəsində Ordu quruculuğu məsələsinə  toxunan ölkə başçısı qeyd etmişdir ki, “müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.”

Cənab Prezident Ermənistanla aparılan sülh danışıqlarının vəziyyətinə dair sualı cavablandıraraq bildirmişdir ki, Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir.

Bu günlərdə İrəvanda keçirilən çempionatda ermənilərin Azərbaycan bayrağına qarşı həyata keçirdikləri təxribata dair sualı cavablandıran cənab Prezident bu hərəkətin erməniliyin mahiyyətindən irəli gəldiyini bildirərək qeyd etmişdir ki, onların bütün ciddi cəhdlərinə, vurnuxmalarına baxmayaraq Azərbaycan bayrağı bu gün Şuşada, Şərqi Zəngəzurda və Qarabağda dalğalanır və dalğalanacaqdır. Biz sözümüzü döyüş meydanında demişik və lazım gəldiyi təqdirdə bir daha deməyə hazırıq: “Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanfobiyadır. Bu hadisə sıradan olan hadisə deyil.

Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.”

Həmin çempionatda Türkiyə atletləri Cansu və Qəmzənin  qələbəsini xüsusi qeyd edən ölkə başçısı bunu həm də Azərbaycanın qələbəsi adlandıraraq  Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu söyləmişdir: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar.”

Ölkə başçısının bu müsahibəsi bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Qarşıda çox mühüm layihələr, görüləcək işlər var. Biz bir xalq olaraq sülh və əmin-amanlıq istəyirik. Lakin hər hansı təcavüzə də seyrçi qalası deyilik. “Dəmir yumruq” və Müzəffər Ali Baş Komandan öz yerindədir, regionda sülhün bərqərar olması üçün, insanların firavan həyatı üçün mübarizə davam edir.