YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ciddi mesajlar

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycanın uğurlarının təhlili fonunda qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Cənab İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində   Azərbaycanın iqtisadi qüdrətinin mühüm göstəricilərindən biri olan bölgələrin inkişafından, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın Böyük Qayıdışından geniş bəhs etməklə yanaşı, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını da ünvanladı.

Ermənistanla sülh danışıqlarının hazırda hansı mərhələdə olduğuna aydınlıq gətirən dövlət başçısı bildirdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz ölkəmiz məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Azərbaycan ilk gündən bəyan etmişdir ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.

Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif dəyişikliklər olub. Nəticə etibarilə Ermənistan da bu prinsiplərlə razıdır. Ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Prezident İlham Əliyev bu mesajı ünvanladı: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır.”

Azərbaycan hər zaman atdığı addımları ilə xarici siyasətinin dəyişməz prinsiplərini diqqətə çatdırır. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə müdaxiləni də qəbuledilməz hesab edir. Dəfələrlə bu bəyanatı səsləndirir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik: “Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar.”

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsini təklif etdi. Azərbaycan sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Əksər dünya gücləri ölkəmizin sülh təklifini təqdir edir, buna nail olmaq üçün səylərini əsirgəməyəcəklərini bildirirlər. Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni reallıqlar bir daha dünyaya ədalət və beynəlxalq hüquq çağırışlarını edir.

“Onu da bildirməliyəm ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər” söyləyən Müzəffər Ali Baş Komandan qeyd etdi ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın. Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Prezident Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğunu, lakin separatçıların buna maneə törətdiyini diqqətə çatdırmaqla, bir neçə gün bundan əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində nifrətin və düşmənçiliyin davamı olaraq dövlət bayrağımızın yandırılmasına da sərt münasibət bildirdi.  Ermənistan rəhbərliyinin gözü qarşısında belə rəzil hadisənin baş verməsi və buna reaksiya göstərilməməsi onun sübutdur ki, bu çirkin əməlin müəllifi məhz rəsmi İrəvandır. Müzəffər Ali Baş Komandanın qətiyyətlə səsləndirdiyi “Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər… əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər” bəyanatı Ermənistana ciddi mesajdır. Bu mesajlar bir daha Azərbaycanın gücünün, qüdrətinin, ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyinin nümayişi oldu.