YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın və tərəqqinin şahidiyik

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

“Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.” Ulu Öndər Heydər Əliyevin 20 sentyabr 1999-cu il tarixdə keçirilən “Əsrin müqaviləsi”nin beşinci ildönümündə söylədiyi bu fikirlər günümüzün reallıqlarında öz təsdiqini tapıb.

Bu gün böyük fəxr hissi ilə Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanmasından bəhs edirik. Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi sırasında qərarlaşıb. Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar davamlı uğurlara yol açır ki, bu da öz növbəsində Azərbaycanın hər bir çətinliyi uğurla dəf etməsində öz sözünü deyir. Bütün bunların təməlində Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır.

Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə yeni dostlar və tərəfdaşlvr qazanır, birgə qəbul edilən qərarlar, göstərilən səylər nəticəsində hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana qarşıdakı illərdə daha möhtəşəm uğurlar qazandıracaq. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş rayonlarda geniş miqyas alan bərpa-quruculuq işləri də iqtisadi imkanlarımızın təqdimatıdır. Sıfırdan başlanan bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycan hər bir yeniliyin bərpa işlərində öz əksini tapmasına səy göstərir.

Ölkəmiz  yeniliklərə, təkmilləşməyə daim maraq göstərir. Yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkəmiz kosmik klubun üzvüdür. Azərbaycanın bütün sahələrdə davamlı inkişafı, təqdim etdiyi təcrübə dünyanın diqqətindədir.

2003-cü ildən qarşıya əsas hədəf kimi qoyulan iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışı da neft siyasətinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurmuşuq.

Müstəqilliyinin bərpasının 32-ci ilini yaşayan Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin və bu xəttin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Bugünümüzün reallıqları Ümummilli Liderin yazının əvvəlində qeyd etdiyimiz çağırışının nümayişidir. Azərbaycanın iştirakı olmadan  regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də özündə bütün məqamları ehtiva edir. Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın keçdiyi inkişaf yolunun və qazandığı uğurların nümayişi oldu. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasını təmin etdi. Fəxrlə qeyd etdiyimiz uğurlarımız sırasında müstəqilliyimizin qarantı olan Silahlı Qüvvələrimizin dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasıdır.

Möhkəm təməl gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü və gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gələcək inkişafımızın yol xəritəsidir.

DİGƏR Xəbərlər Arxiv