YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Quruculuq və inkişaf dövrü

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan-Qazaxıstan münasibətləri hər zaman yüksək səviyyədə olub. Bunun bir səbəbi xalqıarımızın eyni soy-kökə məxsus olmaları, digər bir səbəbi isə ölkələrimizin rəhbərlərinin yaxın dostluq münasibətləri olub. İki ölkə arasında yüksək əlaqlərin yaradılmasında Ulu Öndər Heydər Əliyevin çox mühüm xidmətləri olmuşdur. Dahi şəxsiyyəti qazaxlar da böyük hörmətlə anırlar. Astanada Ulu Öndərin adına küçənin verilməsi bu deyilənlərə bariz sübutdur. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi də keçirildi. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Ulu Öndərin adını daşıyan küçənin açılış mərasində Prezident İlham Əliyev qeyd etdi ki, hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi. Prezident İlham Əliyev çıxışında onu da xatırlatdı ki, Ulu Öndər həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Ölkə başçısı onu da xatırlatdı ki, Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Onun işinin, fəaliyyətinin nəticəsidir ki, bu gün Türk dünyası birləşir. Artıq beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaranıb.

Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda isə ölkələrimiz arasında mövcud olan dostluq-müttəfiqlik münasibətlərinə, eləcə də iqtisadi əlaqələrə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan və Qazaxısatan arasında əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Ölkələrimiz bir-birinin infrastrukturunu, sənaye potensialını tədarük edilə biləcək mallar hesabına tamamlamalı və əmtəə dövriyyəsi artırmalıdır.

Məlum olduğu kimi keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Prezident İlham Əliyevin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri  imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.  

Mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev onu da vurğuladı ki, müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.

Azərbaycan və Qazaxıstan beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək verirlər. Belə ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Qazaxıstan ölkəmizin haqlı mövqeyini hər zaman dəstəkləmiş və Cənubi Qafqaz  regionunda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi ilə fərqlənmişdir. Ölkəmizin işindən bəhs edərək Prezident İlham Əliyev onu da bildirdi ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif edib. Praktiki olaraq bu iş başlanıb və alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Ölkə başçısı bəyan etdi ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.