YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhlükəsiz gələcəyə təminat

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müstəqil, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. AXC-nin süqutundan sonra ölkəmizdə demək olar ki, bütün sferalar kimi ordu quruculuğu məsələləri də inkişafdan geri qalmışdı. Qeyd edək ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda o dövrün ən müasir texnologiyalarının tətbiq olunması Azərbaycan Respublikasının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla yanaşı, milli hərbi kadrların hazırlanması prosesi də vüsət aldı. Müstəqil Dövlətlər Birliyində olan ölkələr arasında ilk dəfə və yalnız Azərbaycanda- Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, Ümummilli Lider buna nail oldu və məhz Onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı.

Sovet dönəmində olduğu kimi dahi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasından sonra da ölkəmizin maraqları naminə misilsiz xidmətləri olmuşdur. Təbii ki, 90-cı illərin əvvəlində ölkədə yaranmış acınacaqlı durum, xaos, anarxiya, vətəndaş qarşıdurması ölkəmizi uçuruma aparır, nəticədə torpaqlarımız işğal olunurdu. Məhz xalqımızın təkidli tələbi ilə dahi Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdı və Azərbaycanı 10 il ərzində inkişafın ən yüksək həddində qərarlaşdırdı. Bütün sahələrdə ölkəmizdə tərəqqi baş verdi. Atəşkəs imzalandı, iqtisadiyyat şaxələndirilərək gücləndirildi, Əsrin Müqaviləsi kimi böyük layihələr həyata keçirildi və ölkəmizin vahid konstitusiyası yaradıldı. Eyni zamanda Azərbaycanın güclü Ordusu formalaşdırıldı. Ulu Öndər Heydər Əliyev Şimali Atlantika Alyansının beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuş, 2008-ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. İl ərzində minlərlə çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır.

Dahi Heydər Əliyev siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ən müasir silah-sursat,hərbi ləvazimat və texnikalarla təchiz olunan Azərbaycan Ordusu cənab Ali Baş Komandanımızın peşəkar rəhbərliyi altında 44 günlük Vətən müharibəsində düşmənləri məhv edərək böyük Zəfər qazandı.

Bu Qələbə hərb tarixinin sürətli və peşəkarcasına həyata keçirlimiş uğurlu əməliyyatlardandır. Bu gün Azərbaycan Ordusu “Dəmir Yumruq” kimi möhkəm və sarsılmazdır. Eyni zamanda müzəffər Ordumuz hər an dövlətimizin təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə zidd olan terror-təxribat aktlarına qarşı adekvat cavab verməyə və düşməni məhv etməyə hazırdır. Bütün əldə etdiyimiz Zəfərlər bir daha onu deməyə əsas verir ki, Ulu Öndərimiz Heydər Əliyevin dahi ideyaları keçmişdə olduğu kimi bu gün yaşayır və gələcəkdə də yaşayacaqdır.