YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa Zəfər bəxş edən ordu

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Ulu öndər 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ordu quruculuğunda əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, qrupların maraqlarına xidmət edirdi. Ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələnmişdir. Lakin hər zaman ən çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq özünün əbədiyaşar liderini yenidən hakimiyyətə gətirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir ağır şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyuldu. Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilmiş, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılmışdır. Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. Ulu öndər Heydər Əliyev deyirdi: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.” Ona görə də bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir. 44 günlük Vətən Müharibəsindəki qələbə, əyani şəkildə nümayiş etdirdi ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında mövqelərini daha da möhkəmləndirib. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi mərdliyi, qəhrəmanlığı ilə qazanıldı.