YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Müasir tarix təsdiq edir ki, Müstəqil Azərbaycan Respublikasının qurtuluş və inkişaf dövrü xalqın tarixində müstəsna rola malik olan və ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını üzərinə götürmüş, bənzərsiz dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Danılmaz faktdır ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmişdir.

Bu bir reallıqdır və hər bir dövlətin öz müstəqilliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır və Vətənini, torpağını müdafiə etməyə qadir, güclü silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Məhz bizim də müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur və bu gün bizim ordumuz Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qüvvəyə layiqli cavab verməyə hazırdır. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycanın güclü Silahlı Qüvvələri və qəhrəman Milli Ordusu var. Azərbaycanın dəyərli generalları, zabitləri və mətin, hazırlıq keçmiş əsgərləri var.   

Tarixə nəzər salsaq görərik ki, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə ümummilli lider Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bilmişdir.

Hələ Çar Rusiyasının dövründə olduğu kimi, sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməyən Rusiya imperiyası çar dövründən fərqli olaraq azərbaycanlı gəncləri hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, SSRİ hərbi rəhbərliyinin ciddi maneələrinə baxmayaraq 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.

Nəhayət mürtəce sovet imperiyası çökdükdən sonra Azərbaycan yenidən müstəqillik əldə etdi və özünün milli ordusunu yaratmağa başladı. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Sözün əsil mənasında ordu quruculuğuna yalnız Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.

1994-cü il mayın 12-də cəbhədə atəşkəs elan edildikdən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tez bir zamanda hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. 

Məhz, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan olundu  və həmin vaxtdan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Məhz bu yüksək inkişafın nəticəsidir ki, nizami ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı yağı düşməndən təmizlədi və düşmən üzərində öz möhtəşəm qələbəsini təmin etdi.

Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusu ilə də diqqəti cəlb edir. Ötən dövr ərzində ordumuz mühüm inkişaf və təkmilləşmə dövrünü yaşayıb. Belə ki, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin daim gücləndirilməsi, döyüş qabiliyyətinin getdikcə daha da artırılması və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması daim dövlətimizin əsas prioritetlərindən sayılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində son illərdə Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusu olmaqla yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən birinə çevrilib.

Azərbaycan Ordusu öz gücünü 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında da göstərdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək 30 ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etdi və tarixi ədalətin bərpası təmin edildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir.

Bütövlükdə, Silahlı Qüvvələrimizin Aprel döyüşlərində və nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Bu tarixi nailiyyətlər, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsidir Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.

Bu gün qürurla qeyd edə bilərik ki, güclü orduya, peşəkar silahlı qüvvələrə malik olmağımız, eyni zamanda, güclü hərbi-sənaye kompleksimizin mövcudluğu Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır.