YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi gün uzaqda deyil

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlətimizin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəində tarixi Zəfərə imza atdıq. Şanlı Qələbəmizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçrərəfli Bəyanatın imzalanmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərləri, bərpa-quruculuq işlərinə başlanılması, infrastruktur layihələrinin uğurlu icrası Böyük Qayıdışa geniş imkanlar yaratdı.

Hər bir hədəf inkişafa aparan yolun başlanğıcıdır. Son iki ildən artıq dövrün reallıqlarına diqqət yetirsək daha böyük işlərin görüldüyünü, onların sadalanmasının mümkünsüzlüyünü böyük inamla qeyd edə bilərik. Təkcə Laçın rayonunun timsalında görülən işlər Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyi günün uzaqda olmadığını təsdiqləyir.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Laçın rayonunda görülən işlərin əsasında qarşıda dayanan vəzifələr açıqlandı.

Laçın ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Bu rayon 28 il işğal altında olduğu müddətdə bütün infrastruktur Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə, 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti də aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm də bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bundan sonra xalqımız daha böyük faciələrlə qarşılaşdı. Laçının işğalından bir il keçməmiş erməni silahlı birləşmələri Kəlbəcər rayonunu da işğal etdi.

Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirdi ki, Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yollarla azad edildi. İkinci Qarabağ müharibəsi dövründə rayonun cənub hissəsi yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində azad edildi. Məhz bu uğurlu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq, Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Laçın rayonunun digər ən böyük hissəsi artıq siyasi yollarla azad edilib. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Dövlət başçısı qarşıda dayanan vəzifələrdən bəhs etdi. Laçın rayonunun  təhlükəsizliyinin qorunması, keçmiş məcburi köçkünlərin oraya tezliklə qaytarılması əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb. Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb. Beləliklə, bu gün  Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür. Bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

Laçın rayonunda inşa edilən Beynəlxalq Hava Limanını xüsusi qeyd etməliyik.  İndiyədək o bölgədə heç vaxt hava limanı olmamışdı. Atılan hər bir addım bu ərazilərin müasir tələblər səviyyəsində qurulmasından, yeni idarəetmə sisteminin mövcudluğundan xəbər verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yeni idarəetmə modeli təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə, ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.

Göründüyü kimi, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş imkanlar yaranır. Böyük Qayıdışdan sonra bu ərazilər malik olduqları potensialdan səmərəli istifadə etməklə ölkəmizin iqtisadiyyatının dayanıqlığına dəstək olacaqlar.