YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qayıdış reallaşır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

“Siz mənim xüsusi nümayəndəm kimi artıq dərhal işə başlamalısınız, bütün bu işlərə rəhbərlik etməlisiniz. İnfrastruktur layihələri, əlbəttə ki, mərkəzi icra orqanları tərəfindən icra edilir. Eyni zamanda, siz Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlisiniz. Çünki biz çalışırıq ki, azad edilmiş bütün rayonlarda işlər paralel surətdə getsin.” Prezident İlham Əliyevin Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən səsləndirdiyi bu fikirlər bərpa-quruculuq işlərinin tezliklə başa çatdırılıb soydaşlarımızın bu torpaqlara qayıdışını necə səbirsizliklə gözlədiyimizi təsdiqləyir.

Laçın rayonunu həm döyüş meydanında, həm də siyasi yolla qaytardıq. Vaxt itirilmədən rayonun yenidən qurulması prosesinə start verildi.  Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır. Bir çox işlər görülüb.  Laçın rayonunda Beynəlxalq Hava Limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır. Beynəlxalq Hava Limanının yerini müəyyən edərkən böyük çətinliklər yarandı. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün deyildi. Dağlar kəsilərək və böyük torpaq işləri həyata keçirilərək  Beynəlxalq Hava Limanı inşa edilir. Gələn ilin sonunda, yaxud 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi.

Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, yaxud tamamilə əsaslı təmir olunur. 30-dan çox ictimai bina inşa edilir. Dövlət başçısı İlham Əliyevin göstərişinə uyğun olaraq bu işlər cari ilin sonuna qədər başa çatdırılacaq. Evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib.  Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin yerləşəcək. Güləbird və Qorçu kəndlərinin Baş planı ölkə Prezidenti tərəfindən təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 sakinin  yerləşməsi nəzərdə tutulur. Yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkün yerləşdiriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur. Şəhərin memarlıq üslubu göz oxşayır. Laçın  nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda,  füsunkar təbiəti - meşələri, dağları, çayları ilə  bir cənnət məkan olacaq.

Dövlət başçısı İlham Əliyev görülən işlərin fonunda qeyd etdi ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Keçmiş köçkünləri qaytaracaq, orada iş yerləri, çox gözəl imkanlar yaradılacaq: “Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır.” Cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir.

İşğaldan azad edilmiş ərazilərimizdə soydaşlarımızın gələcəkdə rahat yaşayışları üçün bütün şərait yaradılır. Bu torpaqlarda tətbiq edilən yeni idarəetmə üsulu özünün uğurlu nəticələrini verir. Cənab İlham Əliyev bildirir ki, bu model, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək.