YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Quba və Nizami rayon təşkilatları 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş birgə tədbir keçiriblər

Yeni Azərbaycan Partiyasının Quba və Nizami rayon təşkilatları birgə “Heydər Əliyev ili” çərçivəsində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümü, Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının 25-ci ili və Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamının 5 illiyi ilə əlaqədar tədbir keçiriblər.

Öncə YAP-ın rayon təşkilatlarının rəhbərliyi və fəalları Quba rayonunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsi ehtiramla yad ediblər.

Sonra Quba rayon Şəhidlər xiyabanı da ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçmiş qəhrəmanların xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq da ziyarət olunub. Məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb və nəticədə məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Sonda Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının qərargahında “Azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının, eləcə də şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, 1918-ci ildə baş verən soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktıdır. Vurğulanıb ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından mühüm sənəd, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmaması üçün Ulu Öndərin müəyyən etdiyi proqramdır. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Çıxış edənlər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırımı qurbanları və şəhidlərimizin qisasının alındığını diqqətə çatdırıblar.