YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərpa-quruculuq işləri imkanlarımızın təqdimatıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.  İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirildi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, xaricdə yaşamış ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

Prezident İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. “Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir” deyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, ölkəmiz, laçınlılar üçün böyük faciə idi. Bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi: “Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.”

Laçın həm döyüş meydanında, həm də siyasi yolla qaytarıldı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur oldu. 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edildi.  Bu, böyük tarixi Zəfərimizdir.

1 dekabr 2020-ci il Laçının həyatında yeni parlaq səhifəni açdı. Dövlət başçısı İlham Əliyev bu tarixdə xalqa müraciət edərək Laçın rayonunun işğaldan azad edildiyini bildirdi. Zəfərimizdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri başladı. Hər bir səfər bu torpaqların sahibi olaraq bu ərazilərdə əbədi olacağımız mesajını dünyaya ünvanladı.

2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Şərqi Zəngəzur növbəti hava qapısını dünyaya açacaq.  Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın Beynəlxalq Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir.

Dövlət başçısı İlham Əliyevin qəbulda səsləndirdiyi fikirlər ölkəmizin gələcəyi barədə aydın təsəvvür yaradır.

DİGƏR Xəbərlər Arxiv