YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dialoq prinsiplərinə sadiqlik

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar ölkəmizin davamlı olaraq inkişafını təmin edir. Həyata keçirilən islahatların siyasi sistemimizi əhatə etməsi isə adıçəkilən sahənin daha da təkmilləşdirilməsinə xidmət edir. Ölkə başçısı da hər zaman siyasi sistemdə sağlam müxalifətçiliyin əhəmiyyətini və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi xarakterizə edir. Son iki ildə başlayan siyasi dialoq müxalifət partiyaları tərəfindən də müsbət qarşılanmışdır. Bu isə öz növbəsində müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarmışdır. Prezident İlham Əliyev ölkədəki yeni siyasi dialoq mühütinin formalaşdırılması haqqında danışarkən bildirmişdir ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və dövlət maraqlarıdır.

Ötən iki il ərzində dayanıqlı dialoq ənənələri formalaşdırılmış, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələr inkişaf etdirilmişdir. Məhz bu dövr ərzində siyasətdə sağlam münasibətlərin tərəfdarları müəyyənləşmiş, eləcə də müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələr” ifşa olunmuşdur.

Ölkəmizdə siyasi dialoq mühitinin inkişafına verilən töhfələrdən biri də “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi olmuşdur. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Ümumiyyətlə, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

Birmənalı olaraq qeyd etmək mümkündür ki, iqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyinin təzahürüdür. 

Ölkədə siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət də artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunmuş, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. Bir sözlə, siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri də məhz ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Nəticədə isə dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiya olunub. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir. İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

Onu da qeyd etmək lazımdır ki, siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadan başqa bir şey deyil. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi isə sadəcə əldə olunmuş uğurlara kölgə salmaqdan ibarətdir.