YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Layihələr reallaşmaqdadır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

2021-ci il Azərbaycan üçün çox mühüm uğurlarla və əlamətdar hadisələrlə yadda qaldı. Müxtəlif sahələrdə görülən işlər - atılan addımlar Azərbaycanın milli gücünün artmasına və qarşıda duran strateji hədəflərə çatmağa əlverişli zəmin - əhəmiyyətli imkanlar yaratdı. Xüsusilə də, milli maraqlara və müasir çağırışlara adekvat olaraq kompleks islahatların həyata keçirilməsi ictimai-sosial, iqtisadi və siyasi mühitin yenilənməsi prosesini sürətləndirdi. Ölkəmizdə çoxşaxəli islahatlar başlayıb və bu, islahatlar təbii olaraq siyasi sistemi də əhatə etməli idi. Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.

Azərbaycanda parlament seçkilərindən sonra Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxışı zamanı məhz siyasi sistemin inkişafı ilə və çoxpartiyalı sistemə keçidlə bağlı fikirlərini ifadə etdi. Prezident Administrasiyasında yeni yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi də bu prosesi həyata keçirməkdədir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur.

Ötən 2 ildən artıq müddət ərzində atılan praktik addımlar, eləcə də qanunvericilik bazasının yenilənməsi fonunda Azərbacanın siyasi həyatı canlanmış, daha konstruktiv, işgüzar və məhsuldar münasibətlər formalaşmışdır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər güclü siyasi system yaratmaq kimi hədəfə çatmaqda ilkin, lakin uğurlu mərhələ hesab edilə bilər. Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduq. Həm iqtidarın, həm də siyasi sistemin iştirakçısı olan müxalifət partiyalarının mövqeyi bu prosesin davamlı xarakter daşıyacağını deməyə əsas verir. Bunun nəticəsində ictimai vəhdətin, siyasi birliyin və milli həmrəyliyin gücləndirilməsi isə milli hədəflərə çatmaq üçün əlverişli imkanlar formalaşdırır.