YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək fəaliyyətin aydın mənzərəsi

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Martın 16-da dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirildi. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bir daha işıq saldı. Belə ki, tədbirin Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşada keçirilməsi nəzərdə tutulsa da, cənab İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsini təklif etdi. Türk dünyasının birliyinə, həmrəyliyinə davamlı töhfələri ilə diqqətdə olan və hər zaman atdığı addımları türkdilli dövlətlər tərəfindən yüksək qiymətləndirilən Azərbaycan növbəti təşəbbüsü ilə də dünyanın diqqətində oldu. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazlığını hər addımda təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisləri bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, iki qardaş ölkənin əlaqələrinin inkişafına bələdçilik edir.

“Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq” söyləyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündən sonra mətbuata açıqlamasında bildirdi ki, ölkəmizdə yaşanan zəlzələ və sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri və müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq.  Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və bərabərliyi heç vaxt unutmayacağıq. Türkiyə Prezidenti Zirvə görüşündəki çıxışında da bu fikri xüsusi  qeyd etmişdir ki, fevralın 6-da yaşadığımız zəlzələnin yol açdığı dağıntılar səbəbindən beynəlxalq yardım çağırışı etdik. Türk dünyası köməyə ilk çatanlar arasında yer aldı. Türk dövlətlərindən olan xilasedicilər bir çox vətəndaşımızı yenidən həyata qaytardı. Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etmişdir: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm.”

Qardaş ölkənin Prezidentinin hər bir fikrində Azərbaycan-Türkiyə dostluğunun dərin köklərə əsaslandığı özünün aydın ifadəsini tapır. Bu qardaşlıq 2021-ci il 15 iyun tarixində Şuşa Bəyannaməsinin imzalanması ilə sənədləşdi. Qarabağın tacı belə mühüm sənədin imzalanmasına şahidlik etməklə gələcək inkişafın prioritetlərini açıqladı. Tarixi Zəfərimizdən sonra həm Azərbaycan-Türkiyə əməkdaşlığının, həm də Türk dünyasının birliyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında bu mühüm məqamları xüsusi vurğuladı. Belə ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün quruculuq-bərpa işləri həyata keçirilir. Bu ərazilərimiz dağıntılardan xilas olduqları üçün sevinclidirlər. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Bu işlərdə türkdilli dövlətlərin dəstəyi dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib. Cənab İlham Əliyev Zirvə görüşündə işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi. Onu da qeyd etdi ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb.

Bütün bu addımlar Türk dünyasının birliyinin nümayişidir. Zirvə görüşünün mahiyyətini özündə ehtiva edən Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin aydın mənzərəsini təqdim edir.