YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəmiyyətə xidmət nümunəsi olan böyük tarixi şəxsiyyət

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbii hesab olunur. Fəaliyyətinin hər bir  dövründə zamanı əməlləri ilə zənginləşdirən  Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi.

Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Ulu öndər Heydər Əliyev şəxsiyyətinin özünəməxsus çalarları idi. Ulu öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi.

Keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində  Azərbaycan xalqı Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və buna  nail oldu. Bununla Azərbaycanın müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi.

Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsi dağılmış, Qərb siyasi dairələri üçün özlərindən tam asılı məkanların yaranması imkanları genişlənmişdi. Qərb yeni müstəqil dövlətlərin ozünəmxsusluğunu qəbul etmək istəmirdi. Bu xüsusiyyət onlar üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarələrdən istifadə edərək, öz iradələrini qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər. Bu tələyə düşənlər oldu və acı nəticələrlə üzləşmək zorunda qaldılar. Təəssüf ki, Azərbaycan da 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi.

Üstəlik, havadarlarının böyük yardımı ilə Ermənistan silahlı quldur dəstələri Azərbaycan ərazisinə aramsız hücumlar edirdi. Nəticədə, ölkədə siyasi xaos yaranır, ərazilər işğal olunurdu. Azərbaycana o dövrdə rəhbərlik edənlər isə lazımi səviyyədə peşəkar olmadıqlarından vəziyyəti nizama sala bilmirdilər. Əksinə, ölkə parçalanmaq  və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir məqamda  Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini  dərk edən Azərbaycan xalqı  öz gələcək taleyini dahi şəxsiyyət Heydər Əliyevə  etibar etməklə çox ağır müsibətlərdən yan keçə bildi. Həmin məqamda Heydər Əliyevin dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi. Hər şeydən əvvəl güclü dövlət qurmaq ideyasını cəmiyyətə təlqin edən dahi şəxsiyyət demokratik cəmiyyətin yalnız güclü dövlətdə mümkün ola biləcəyini isbat etdi. Güclü dövlətin mövcudluğu üçün güclü iqtisadiyyatın olması gərəkliyindən çıxış edən Heydər Əliyev “Əsrin müqaviləsi” kimi nəhəng layihəyə imza ataraq regionda maraqları olan böyük dövlətlərlə bərabərhüquqlu münasibətləri qura bildi. Çox çətin şəraitdə daxili sabitliyi təmin edə bilən bu dahi şəxsiyyətin siyasi dühası hətta bizi sevməyənlər tərəfindən belə etiraf olundu. Dünyanın bütün böyük dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçməsində Ulu Öndərin müstəsna xidmətləri zaman keçdikcə öz əhəmiyyətini bir daha göstərmiş olur.

“Biz öz daxili siyasətimizlə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin”-ideyasından çıxış edən Ulu Öndər cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalaşdırmaqla, əslində mükəmməl dövlət idarəçilik sistemi yaratdı. Azərbaycanın dövlət quruculuğunun təməl prinsipləri hazırlanıb həyata keçirildi.

Heydər Əliyevin layiqli siyasi varis yetişdirməsi isə onun Azərbaycan dövləti və xalqı üçün ən böyük xidmətlərindən biridir. Hazırda dünyada gedən proseslər də göstərir ki, layiqli siyasi varisliyin təmin edilmədiyi ölkələrdə indi sabitlik ya yoxdur, ya da çox zəifdir. Şərqi Avropada Asiya ölkələrində baş verən proseslər bunun bariz nümunəsidir. Heydər Əliyev isə öz siyasi varisini dəqiq müəyyənləşdirdi, təcrübə də göstərdi ki, millət fədaisi qətiyyən yanılmayıb. Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ulu Öndərimizin: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”—deyərək, dəyərləndirdiyi dövlət rəhbərimiz  bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri reallığa çevirmişdir. İndi dünyanın böyük dövlətləri də açıq etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda ən etibarlı tərəfdaşdır. Sözü də imzası qədər etibarlı hesab edilən, 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurub Müzəffər Ali Baş Komandan titulunu şərəflə daşıyan, cənab İlham Əliyev böyük tarixi şəxsiyyətin ideyalarını reallığa çevirməklə Azərbaycanın ərazi bütövlyünü bərpa etməklə yanaşı, ölkəmizi regionun söz sahibinə çevirdi.

“Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən, Ulu Öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq.

DİGƏR Xəbərlər Arxiv