Xəbərlər
Heydər Əliyev siyasətinin təntənəsi

Salyanda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib
Salyan Rayon İcra Hakimiyyətinin, YAP Salyan rayon təşkilatının və Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda aqrar sahənin formalaşmasında rolu” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Tariyel Atamaliyev, Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı Nübar Bayramova və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində fəaliyyətindən geniş bəhs edib və hazırda bu siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Vurğulanıb ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə hər bir ölkənin inkişafında əsas amil olan iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatı sahəsinin prioritetliyi atılan addımlarda özünün aydın ifadəsini tapıb. Həmin dövrlərdə yaradılan möhkəm təməl bu gün Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması özündə əsas məqamları ehtiva edir. Qürurvericidir ki, bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadənin ölkəmizin dayanıqlı inkişafına verəcəyi töhfələrdən bəhs edirik. Azərbaycanın uğurları Heydər Əliyev siyasətinin təntənəsidir.