YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq partiyası daim möhtəşəm uğurlara imza atacaq!

YAP Sabunçu  rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edilib

Fevralın 28-də Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu  rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edildi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında   abidəsini ziyarət edərək, önünə qızıl gül dəstələri qoydular.

Bakı Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə  çətin və şərəfli yol keçib. Bu gün YAP ənənələri olan partiya, həmçinin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. Araz Xudadanov qeyd etdi ki, YAP Sabunçu rayon təşkilatı partiyanın  ilk yaradılan təşkilatları sırasındadır. Bu gün rayon təşkilatı  99 ərazi partiya təşkilatında 11 mindən artıq üzvü birləşdirir. Onun sözlərinə görə, xalqımız əmindir ki, dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan,  Yeni Azərbaycan Partiyası  bundan sonra  da möhtəşəm uğurlara imza atacaq.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizin, Yeni Azərbaycan Partyasının keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Vurğuladı ki,  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaratdığı möhkəm təməl bugünkü Azərbaycanın dayanıqlı inkişafında öz sözünü deyir. Ulu Öndər  Azərbaycanı  canından artıq sevməsi ilə fəxr etməklə yanaşı, daim onun çiçəklənməsinə, qüdrətlənməsinə  səy göstərib.  Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının da əsas prinsipi dövlətə, xalqa xidmətdir. 30 ilin uğurları  həm Azərbaycanın möhkəm təməl üzərində inamla irəlilədiyini, həm də Yeni Azərbayan Partiyasının zəngin bir yol keçdiyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin  daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasıın üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirdi bu gün  harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir. O qeyd etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,  Azərbaycan Dövlət İqtisad Universitetinin  rektoru Ədalət Muradov bildirdi ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə   Azərbaycanın,  Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ  başladı. Ulu Öndərin layiqli davamçısı Prezident  İlham Əliyev son 20 ilə yaxın müddət ərzində Azərbaycana  ən yüksək zirvələri fəth etdirir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirib ki, partiya zamanın tələbi ilə yaradıldı və özünə olan etimadı  yüksək səviyyədə doğrultdu. Bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti  gənclərdir. Gənclərimiz partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz  gənclərə  bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin  Vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.

YAP Mərkəzi Aparatının təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov partiyanın keçdiyi inkişaf yolundan geniş  bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev  daim bu çağırışı diqqətə çatdırırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək  millətə, xalqa,  müstəqil Azərbaycan dövlətinə  xidmət etmək deməkdir. Bu gün partiyanın sıralarında birləşən  insanlar ulu öndər Heydər Əliyevin ideyalarının, Onun layiqli davamçısı  partiyanın Sədri İlham Əliyevin uğurlu siyasətinin təbliğatçısı  olmaqdan qürur duyur.  İki ildən artıqdır ki, bütün tarixi günləri, əlamətdar hadisələri  Zəfər ruhunda qeyd edirik. Bu əlamətdar gündə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan  bəhs etmək hər birimiz üçün sevinclidir.

Tədbirin sonunda  YAP Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi  münasibətilə  bir qrup  təşkilat üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqəsi təqdim edildi.

Sonda Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolu özündə əks etdirən sənədli film nümayiş olundu.