YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda AŞPA-nın daimi komitəsinin iclası keçirilir

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının daimi komitəsinin növbəti iclası işə başlamışdır.

İclasda Avropa Şurasının baş katibi Torbörn Yaqland, AŞPA-nın sədri Ann Brasör, Assambleyanın Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edirlər.

AŞPA-nın sədri Ann Brasör daimi komitənin iclasının Bakıda yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirmişdir. O, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, sosial və digər sahələrdə aparılan islahatları yüksək qiymətləndirmişdir. A.Brasör bu islahatların daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Azərbaycanın quruma sədrliyi dövründə Avropada həmrəyliyin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağına əminliyini bildirmişdir.

Qeyd etmişdir ki, quruma sədrliyi üzərinə götürən Azərbaycanın elan etdiyi əsas prioritetlərə korrupsiyaya qarşı mübarizə, sosial məsələlər, multikulturalizm, təhsilin inkişafı və s. daxildir.

O.Əsədov demişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə daim sadiq qalmış və onları yerinə yetirmişdir. AŞPA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə həmişə xüsusi diqqət yetirmiş, problemin həll olunması ilə bağlı qəbul etdiyi qərarlarda BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə istinad etmişdir.

Sonra xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın quruma sədrliyi dövründə müəyyən etdiyi əsas hədəflər və prioritetlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin həmrəylik və dostluq şəraitində yaşadığı ölkə olmuşdur. Bu iclasda multikulturalizmlə yanaşı, insan hüquqlarının və demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizə, regional əməkdaşlığın genişləndirilməsi və s. məsələlər xüsusilə diqqət mərkəzində saxlanılacaqdır.

Azərbaycanın quruma sədrliyi dövründə növbəti altı ay ərzində ölkəmizdə ümumilikdə 18 tədbirin keçiriləcəyini diqqətə çatdıran E.Məmmədyarov respublikamızın daxili və xarici siyasətinin əsas prioritetlərindən, görülən işlərdən danışmışdır.